Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı keçirilən nümayişlərdə polis dəyənəklərlə etirazçılara güc tətbiq edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Prezident Emmanuel Makronun tələbi ilə hökumətin mübahisəli pensiya islahatını parlamentdə səsverməyə qoymadan qəbul etməsinə cavab olaraq dünən Parisdə etirazçılar növbəti dəfə küçələrə axın edib.
Fransa polisi etirazları yatırmaq üçün qeyri-mütənasib güc tətbiq edib. Polisin səkidəki nümayişçiləri dəyənəklə vurduğu anlar kameraya əks olunub.
Sosial mediada sürətlə yayılan görüntülər böyük reaksiyaya səbəb olub. Paytaxtda 5500 polisin xidmətdə olduğu nümayişlər zamanı 78 nəfər saxlanılıb.
Fransa Milli Polis Təhqiqat Birliyinin son açıqlamasında, pensiya islahatına qarşı nümayişlərin başladığı yanvar ayından bu yana polisə qarşı 17 məhkəmə istintaqının başladığı bildirilib.
Daxili işlər naziri Gerald Darmanin isə pensiya islahatı ilə bağlı qanun layihəsinin parlamentə təqdim edilmədən qəbul edildiyi martın 16-dan bu yana polisə qarşı 11 istintaq açıldığını bildirib.
Qeyd edək ki, Fransa polisi həmçinin insan haqları qrupları və vəkillər tərəfindən etirazları yatırmaq üçün əsassız həbsdən istifadə etməkdə ittiham olunur.
Mikayıl