Pensiyalardakı artımla bağlı - Fevral ayından...

Pensiyalardakı artımla bağlı  - Fevral ayından...
İQTİSADİYYAT
12:13 16.01.2026
3204
"Yanvar ayı üzrə yaranan artım məbləği vətəndaşlara fevral ayında ödəniləcək”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib.

O bildirib ki, əmək pensiyaları 9.12 faiz aralığında artırılacağı gözlənilir:

 ""Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya məbləğləri hər il əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizi nəzərə alınmaqla indeksləşdirilir və artırılır. 2026-cı ildə də əmək pensiyalarının artırılması ilə bağlı müvafiq qərar və sənədin yaxın vaxtlarda imzalanacağı gözlənilir. İlkin gözləntilərə görə, əmək pensiyaları 9.12 faiz aralığında artırılacaq və bu artım bütün əmək pensiyası alan vətəndaşlara şamil ediləcək”.

Deputat qeyd edib ki, pensiya artımı sosial təminatının daha da gücləndirilməsi baxımından önəmlidir:

"Yaşa görə pensiya, ailə başçısını itirməyə görə pensiya və əlilliyə görə pensiya alan vətəndaşların pensiya məbləğlərində də artımın olacağı gözlənilir. Pensiya artımları ümumilikdə 1 milyon 100 min vətəndaşı əhatə edəcək ki, bu da həmin şəxslərin sosial təminatının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Parlamentari vurğulayıb ki, artımlar yanvar ayının pensiyalarına da şamil ediləcək:

"2026-cı ildə pensiya artımlarının davam etdirilməsi ilə bağlı sənədin cənab Prezident tərəfindən fevral ayında imzalanacağı ehtimal olunur. Sənəd fevral ayında imzalanacaq, amma artımlar yanvar ayının pensiyalarına da şamil ediləcək. Yanvar ayı üzrə yaranan artım məbləği vətəndaşlara fevral ayında ödəniləcək. Məsələn, əgər vətəndaşın pensiya məbləği 500 manatdırsa, onun pensiyasında təxminən 46 manat artım gözlənilir. Yanvar ayı üçün hesablanan bu 46 manat fevral ayında vətəndaşın pensiyasına əlavə ediləcək. Nəticədə, fevral ayında həmin şəxs 592 manat pensiya alacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR