Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Starlink” peyk rabitə sistemindən əldə olunan məlumatların Rusiyanın dərinliklərinə zərbələr endirilməsi məqsədilə ötürülməsini təhlükəli addım kimi qiymətləndirib.
Peskov "Vesti” informasiya xidmətinə müsahibəsində bildirib ki, İlon Maska məxsus peyk sistemlərinin Rusiyanın dərinliklərinə zərbələr üçün təqdim edilməsi Moskva üçün "çox zərərli, potensial təhlükəli və düşünülməmiş addım” olardı.
Kremlin sözçüsü Rusiyanın ölkənin təhlükəsizliyini təmin etmək üçün lazımi texnologiya və imkanlara malik olduğunu da vurğulayıb.
"Rusiyanın istənilən tədbiri həyata keçirmək üçün lazımi potensialı var”, – Peskov qeyd edib.
O, həmçinin Rusiyanın "Rassvet” peyk sisteminin gələcəkdə daha effektiv fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.
"Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”, – Kremlin nümayəndəsi əlavə edib.
///konkret.az///











































