İran Prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə ABŞ-ni güc tətbiq etmək əvəzinə, məntiqli dialoqa üstünlük verməyə çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş İrəvanda keçirilən BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının COP17 konfransı çərçivəsində baş tutub.
Pezeşkian bildirib ki, ABŞ təkcə İran üçün deyil, bütün dünya üçün problemlər yaradır.
"ABŞ bu yolla davam edərsə, bütün dünya üçün vəziyyət daha da pisləşəcək. Güc tətbiq etmək əvəzinə, məntiq çərçivəsində dialoq qurması daha yaxşı olar”, – deyə İran prezidenti vurğulayıb.
O, İranın qonşu ölkələrlə koordinasiya şəraitində dünya ilə münasibətlərini davam etdirəcəyini və ABŞ-ın bu vəziyyəti düzgün anlamalı olduğunu qeyd edib.
Pezeşkian İran-Ermənistan münasibətlərinə də toxunaraq, Tehran və İrəvan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Nikol Paşinyan isə iki ölkə arasındakı tarixi və mədəni əlaqələrə diqqət çəkərək, regionda sülh və sabitliyin təmin olunmasının, eləcə də qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsinin Ermənistan üçün əhəmiyyət daşıdığını vurğulayıb.
Gülay











































