İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın məktubuna cavab verib.
Pezeşkian bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.
İran dövlət başçısı Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təklifini rədd etdiyini, lakin danışıqlar yolunun hələ də açıq olduğunu vurğulayıb:
"Məktubumuzda İranın heç vaxt danışıqlardan yayınmadığı, yalnız öhdəliklərin pozulmasının (red.-Vaşinqton tərəfindən) bu yolda problem yaratdığı vurğulandı və qeyd edildi ki, ABŞ bu davranışını mütləq şəkildə nizamlamalıdır”.
Qeyd edək ki, martın əvvəlində Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərərək İranın nüvə proqramı ilə bağlı Tehranla razılaşmağa üstünlük verəcəyini bildirib.
Xatırladaq ki, 2015-ci ildə İngiltərə, Çin, Fransa, Almaniya, Rusiya, ABŞ və İran Tehranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan saziş imzalayıb.
Trampın əvvəlki prezidentliyi dövründə ABŞ 2018-ci ilin mayında Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmış və Tehrana qarşı sanksiyaları yenidən tətbiq etmişdi. Bunun müqabilində İran, nüvə tədqiqatları və uranın zənginləşdirilməsi səviyyələrinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərini tədricən azaltdığını qeyd etmişdi