Pezeşkianın Bakıdan Ermənistana verdiyi mesaj: Qarabağ Azərbaycandır

Pezeşkianın Bakıdan Ermənistana verdiyi mesaj: Qarabağ Azərbaycandır
SİYASƏT
14:51 30.04.2025
188
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edib. Səfər çərçivəsində imzalanan mühim sənədlər və keçirilən görüşlər əsnasında İran prezidenti "Qarabağ Azərbaycandır" ifadəsini səsləndirib və Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu dilə gətirib. 
 
İran Prezidenti Məsud Pezeşkianın səsləndirdiyi bu fikir indiki məqamda dünyaya hansı mesajı verdi?
 
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev  bildirib ki, Azərbaycan hər zaman İrana qarşı həssas yanaşıb və onlardan da ərazi bütövlüyünə hörmət gözləyib:
 

"Azərbaycan 44 günlük Vətən Müharibəsində öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdi və 2023-cü ilin sentyabr ayında isə sureyliyini tam olaraq bərpa etmiş oldu. Bir sözlə desək Azərbaycan uzun illər BMT-nin dörd qətnaməsini və problemi sülh yolu ilə həll etməkdə məsul olan ATƏT-in Minsk Qrupunun öhdəliklərini özü reallaşdırdı və regionda özü ədaləti bərpa etmiş oldu. Təbii ki, bu reallıqları qəbul etmək istəməyən dövlətlər və güclər var idi. Cənab Prezidentin də öz təbirincə desək, Azərbaycan çox böyük daşları yerindən oynatdı. Bu gün də Azərbaycan yeni yaratdığı reallıqlar fonunda günü-gündən güclənir və dünya dövlətlərini, dünya güclərini də bu reallıqları qəbul etməyə bir növ məcbur edir. Azərbaycan üçün çox önəmli ölkələrdən biri də İrandır. İran bizim qonşumuzdur. Eyni zamanda İranda yaşayan 40 milyondan çox Azərbaycan türkü var. Onlarla biz qohumluq və bu baxımdan da İranla münasibətlərimizin yaxşı olması, normal olması, dostluq, qohumluq əlaqələri əsasında münasibətlərin formalaşması bizim üçün çox önəmlidir. Azərbaycan həmişə İrana qarşı çox həssas yanaşıb".


Deputat həmçinin bildirib ki, Azərbaycan İrana qarşı güc tətbiq edilməsinə qarşı çıxmışdır:
 
"İrana qarşı tətbiq edilən sanksiyaların ən güclü dönəmində Azərbaycan öz ərazisindən başqa güclərini istifadə edərək İrana qarşı güc tətbiq etməsinə qarşı çıxmışdır. Və bu isə Azərbaycanın həm İrana, həm də İranda yaşayan xalqlara böyük hörmət və rəğbət bəslədiyini və İranın təhlükəsizliyin təmin edilməsində Azərbaycanın da maraqlı olduğunu ortaya qoyan faktlardan biridir. Ancaq çox təəssülər olsun ki, bəzən maraqlarda müəyyən dəyişiklər olur. İran və Azərbaycan arasında Araz dəhlizi layihəsinin tezliklə istifadə edilməsi ilə iqtisadi əlaqələrimiz daha da güllənəcəkdir. Bununla yanaşı Mədəniyyət günlərinin keçirilməsinin bərpası da mən düşünürəm ki, çox yaxşı bir xəbərdir. Həm İranda, həm Azərbaycanda qarşılıqlı olaraq mədəniyyət günləri keçiriləcək ki, bu da bizim mədəniyyət işçilərinin öz biliklərini, bacarıqlarını mübadilə etmək üçün əla bir fürsət yaradanacaqdır".

Naqif Həmzəyev İran prezidentinin "Qarabağ Azərbaycandır" şüarını səsləndirməsinə də münasibət bildirib:
 
"Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı səsləndirilən fikirlər, xüsusilə də "Qarabağ Azərbaycandır" deməsi və Qarabağ Azərbaycanın ayrılma səsi kimi qəbul edilməsi bizi çox şad edir. Və bu o deməkdir ki, artıq İran-Azərbaycan münasibətlərinə yeni səhifə açılıb. Azərbaycan yeni formalaşacaq münasibətlərdə üzərinə düşən bütün işləri layiqincə yerinə yetirməyə hazırdır və bu günə qədər yerinə yetiribdir. 
 
Həmçinin bilirsiniz ki, Azərbaycan və İran çox stratejik ərazidə yerləşirlər, həm şimal-cənub, həm də qərb-şərq dəhlizinin kəsişməsində yerləşən Azərbaycan və İran birlikdə öz güclərini, öz potensiyallarını birləşdirərək hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi və gücləndirilməsi üçün çox əla layihələr həyata keçirə bilərlər. Regionun təhlükəsizliyinin təmin edilməsi üçün də İran-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olması vacibdir və mən düşünürəm ki, bu amil düzgün dəyərləndirilərək münasibətlərimizi yaxşı mənada inkişaf etdirə biləcəyik.
 
Deputat qeyd edib ki, Azərbaycanla İran arasında rəsmi səfərlərin sayı daha da artacaq: 

Yaxın gələcəkdə İran prezidentin Azərbaycana növbəti səhəri gözlənilir və Azərbaycan prezidentinin də İrana səhər etməsi ehtimalı var. Bu işə o deməkdir ki, qarşılıqlı səfərlər çoxalacaq. Bu günə qədər hökumət üzvləri arasında təmaslar mütamadi hal təşkil edirdi. Tez-tez bu cür təmaslara biz şahidlik etmiş olurduq və mən düşünürəm ki, həm siyasi gündəlik, həm iqtisadi gündəlik, həm mədəni gündəlik çox zəngindir və biz yeni açılmış bu səhifənin uğurla inkişaf edəcəyinə, İran-Azərbaycan münasibətlərinin ən yaxşı səviyyəyə açılacağına inanırıq və bu sonuncu səfər də bu ümidlərimizi daha da artırmış oldu".
 
Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında İran prezidenti Məsud Pezeşkianın Bakıya səfərini və burada səsləndirdiyi fikirləri iki ölkənin münasibətlərində yeni bir səhifə olduğunu qeyd edib. 

"Bildiyimiz kimi, İran-Azərbaycan münasibətləri son illərdə bir sıra gərginliklərlə yadda qalıb. İki ölkə arasında diplomatik əlaqələrdə soyuqluq yaranmasının əsas səbəbi, məhz İranın Azərbaycana qarşı qeyri-dost yanaşması idi. Bu vəziyyət təkcə siyasi sahədə deyil, iqtisadi, mədəni və humanitar əlaqələrə də mənfi təsir etmişdi. 

 
Lakin İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri münasibətlərdə yeni bir səhifənin açılacağından xəbər verir. Pezeşkianın geniş nümayəndə heyəti, xüsusilə böyük biznesmenlərin müşayiəti ilə Azərbaycana gəlməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələn ciddi bir niyyətin göstəricisidir. Bu səfər, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi və sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində konkret addımların atılacağı ehtimalını gücləndirir".

"Səfər təkcə iqtisadi sferada deyil, mədəniyyət və təhsil sahələrində də yenidən yaxınlaşmanın başlanğıcı olacaq" deyən deputat bunun ikitərəfli əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib:

"İki xalq arasında tarixi, dini və mədəni bağların dərin kökləri var və bu potensial bu günə kimi tam istifadə olunmayıb. Pezeşkianın siyasətində milli azlıqlara daha mülayim yanaşmanın olması gözləntisi, İranın Azərbaycanla mədəni və humanitar əməkdaşlıqda da daha konstruktiv xətt izləyəcəyini düşünməyə əsas verir. Bu da öz növbəsində münasibətlərin normallaşması prosesinə öz müsbət töhfəsini verəcək. Məsud Pezeşkianın Bakıya səfəri İran-Azərbaycan münasibətlərində "yumşalma” dövrünün başlanğıcı hesab edilə bilər. Sənədlər əlaqələrin inkişafına öz töhfəsini verəcək. İmzalanan sənədlər bir daha göstərir ki, münasibətlər möhkəmlənəcək və yeni mərhələyə daxil olacaq. Əgər bu səfər real nəticələrlə müşayiət olunsa, iki ölkə arasında uzun müddətdir yığılıb qalan problemlərin həlli istiqamətində mühüm bir mərhələ yaşanacaq. Həm siyasi dialoqun canlanması, həm də iqtisadi və mədəni inteqrasiyanın artması regionda sabitliyə və rifaha müsbət təsir göstərə bilər". 
 
Ceyhun Məmmədov Pezeşkianın səfəri zamanı "Qarabağ Azərbaycandır" ifadəsinin işlədilməsinin çox əhəmiyyətli olduğunu bildirib:

"Burada bir reallığı, bir məsələni biz qəbul etməliyik ki, iki ölkə prezidentinin görüşü zamanı bu ifadənin işlədilməsi çox önəmlidir. Çünki Ermənistan yenə də çalışır ki, bu məsələni gündəmdə saxlasın və yenə də Azərbaycana qarşı ərazi iddiası sürsün. Bu Ermənistan tərəfinə çox dəqiq və konkret cavabdır ki, onlar yanaşma və baxışlarının hansı formada olmasını müəyyən etsinlər. Yəni, İran dövlətinin bu məsələyə mövqeyi konkret və birmənalıdır: Qarabağ Azərbaycandır".
 
Günel Hüseynli 

Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Miharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən  törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib. 

 


OXŞAR XƏBƏRLƏR