Pirəkəşkül kəndindən Şanxay Universitetinə gedən yol - Belə gənclər təbliğ edilməlidir

Pirəkəşkül kəndindən Şanxay Universitetinə gedən yol - Belə gənclər təbliğ edilməlidir
SOSİAL
16:39 25.02.2026
522
Xəbər verdiyimiz kimi, Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə tam təqaüdlə qəbul olunan ilk azərbaycanlı olub. Nilufər universitetin tələbələri arasında seçilmiş güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə fərqlənib. 

Qeyd edək ki, universitetin tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir. Onun aldığı təqaüdün məbləği 82 000 ABŞ dollarıdır.

Təhsil eksperti Elçin Süleymanov AZXEBER.COM-a açıqlamasında deyib ki, paytaxt məktəblərində imkanlar ucqar region məktəbləri ilə müqayisədə daha genişdir:

"Ucqar rayonlardan yüksək nəticə göstərərək dünyanın qabaqcıl universitetlərinə qəbul olmaq daha alqışlanacaq hadisədir. Çünki paytaxt məktəblərində imkanlar ucqar region məktəbləri ilə müqayisədə daha genişdir. İnternetin ölkənin demək olar ki, hər yerində əlçatan olması, onlayn təhsil, dil öyrənmə imkanları və süni intellekt texnologiyalarının geniş yayılması region şagirdlərinin də məqsədyönlü çalışdıqları halda paytaxt şagirdlərindən geri qalmadıqlarını göstərən yaxşı nümunədir”.


Ekspert qeyd edib ki, bundan əvvəl də regionlarda yüksək nəticələr əldə edən şagirdlər olub:

"Bundan əvvəl də Dövlət İmtahan Mərkəzinin nəticələrində region məktəblərinin, xüsusilə Şəki, Oğuz və digər rayonların məktəblərinin yüksək nəticələr göstərdiyinin şahidi olmuşuq. Burada vacib məqamlardan biri də odur ki, regionlarda şagirdlərin sosial məşğuliyyət imkanları paytaxtla müqayisədə daha azdır. Bu isə onların diqqətinin daha az yayındırılmasına və dərslərə daha çox fokuslanmasına şərait yaradır. Eyni zamanda, onların bacarıq və qabiliyyətlərinin inkişafı üçün düzgün istiqamətləndirilmə olduqda bu amil də müsbət nəticələrə səbəb olur”.

Təhsil eksperti deyib ki, universitetlərin özlərinin təqdim etdiyi təqaüd proqramları ilə qəbul qazanmaq daha çətindir:

"Pirəkəşkül kənd tam orta məktəbinin şagirdinin Şanxay Universitetinə qəbul olması sevindirici haldır. Bundan əlavə, dövlət proqramları vasitəsilə də gənclərə xaricdə təhsil imkanları yaradılır. Lakin universitetlərin özlərinin təqdim etdiyi təqaüd proqramları daha seçici olur və çox ciddi rəqabət şəraitində həyata keçirilir.
Bu baxımdan, universitetin öz təqaüdü ilə təhsil almaq xüsusilə qürurverici haldır. Bu, həm dövlət büdcəsinə əlavə yük yaratmır, həm də gələcəkdə yüksək ixtisaslı kadrların yetişməsinə xidmət edir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR