Poeziya üçün Qocalar Evi (ARAŞDIRMA)

Poeziya üçün Qocalar Evi (ARAŞDIRMA)
KÖŞƏ
19:56 17.11.2011
7198
1. Poeziya dəbdən düşübmü? Fikirlər dolanır başımda min-min, Görən doğrudanmı oxunmur şeir? Görən doğrudanmı insan qəlbinin İncə hisslərinə toxunmur şeir? Şair nə gərəkdir oxucu yoxsa? Beyinlər, ürəklər pas atıb, nədir? Şeirimiz öz fikir donunu yoxsa İndi “son modada” geyinməlidir? Məmməd ArazBu misralar böyük şairin “Deyirlər, şeir oxunmur” şeirindəndir.Ədəbi növlər ətrafında mübahisələr yeni deyil. Yaradıcı insanın təxəyyülü qədər düşüncə tərzi, qərarları da dəyişən və hüdudsuzdur. Son zamanlar ədəbi mühitdə hökm sürən “Poeziya öz ömrünü bitirib, artıq üstünlük nəsrin əlindədir” fikrinə əmin olanlar ədəbiyyat tarixinə nəzər salsalar, nə qədər yanıldıqlarını görərlər. Eyni zamanda, nəsrin üstünlüyünün təsdiqi kimi, şeirlə başlayan gənc yazarların sonradan nəsrə keçdiyini vurğulayanlar tanınmış nasirlərin əksəriyyətinin yaradıcılığa şeirlə başladığını xatırlasalar, bəzi dolaşıq fikirlər aydınlaşmış olar.Nəsrimizin yaşı çox deyil. On doqquzuncu əsrdə Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsindən sonra rus ədəbiyyatının, eləcə də rus ədəbiyyatı vasitəsi ilə qərb ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri başlandı, maarifçilik ideyaları ilə birgə yeni ədəbi növ və janrlar ədəbiyyata yol açdı. Bu təsir birdən-birə baş vermədi. Yeni nəsrin ilk carçıları olan A.Bakıxanov və İ.Qutqaşınlıdan sonra M.F.Axundov ədəbiyyata bir çox yeniliklər gətirdi, ilk komediyanı (dram növünü), ilk fəlsəfi traktatı yaratdı, “Aldanmış kəvakib” kimi nəsr əsərini yazdı. Lakin nəsrin əsil inkişaf dövrü iyirminci əsrin payına düşür. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, N.Nərimanov , Y.V.Çəmənzəminli ... iyirminci əsrin əvvəllərində Azərbaycan nəsrinin inkişafında misilsiz xidmətləri olan yazıçılardır. Həmin dövrdən başlayaraq ədəbiyyatın hər üç növü yanaşı addımlamağa başlamışdır. Hansı növün nə vaxt daha üstün olduğu barədə mübahisə etmək mənasızdır - liderliyi ədəbi növlər deyil, ədəbi cərəyanlar və ədəbi simalar müəyyən etmişlər. M.F.Axundovdan başlayaraq B.Vahabzadəyə, N.Həsənzadəyə qədər bir çox usta yazıçılar hər üç növdə yazıb-yaratmışlar. Çünki yazıçı oxucuya çatdırmaq istədiyi fikir üçün hansı növü, janrı daha uyğun görürsə, yüksək istedad və təxəyyül o növ və janrda yazmağa imkan verir. Qeyd etmək yerinə düşər ki, ötən əsrin “nəsr bumu” dövründə nəşr olunan cild-cild romanların çoxunun adını xatırlamaqda çətinlik çəkdiyimiz halda, C.Cabbarlının “Ana”, M.Müşfiqin “Tar”, “Yenə o bağ olaydı”, H.Cavidin “Mənim tanrım gözəllikdir...”, S.Vurğunun “Azərbaycan”, S.Rüstəmin “Təbrizim”, “Azərbaycana gəlsin”... şeirləri hər kəsə tanışdır.Poeziya hər zaman bizə yoldaşdır, çünki ruhumuzda, qanımızdadır, xəmirimiz laylalarla yoğrulub, ruhumuz ozan-aşıq şeirindən qidalanıb, zəngin musiqimizin - xalq mahnılarından tutmuş muğamlarımıza, milli operalarımıza qədər ən gözəl əsərlərin özəyini poetik mətnlər təşkil edir. Poeziyanın dəbdən düşdüyünü iddia edənlər üçün isə, yəqin ki, mənəvi gözəlliklər də dəbdən düşüb...Bəzən belə fikir səslənir ki, qərb ədəbiyyatına “eksport olunmaq” üçün nəsr daha münasibdir. Zənnimcə, Qərbə bizim nə poeziyamız, nə nəsrimiz lazımdır. Xarici ölkələrdə musiqimizə yalnız yerli azərbaycanlılar qulaq asdığı kimi, ədəbi əsərlərimiz də yalnız özümüzünküləri maraqlandıra bilər. Bu yaxınlarda Musiqili Komediya Teatrı ABŞ-da səfərdə olmuşdu. Əlamətdar hadisədir, amma S.Vurğunun “Azərbaycan” şeirini tamaşaçıların bizimkilərlə birgə səsləndirməsi salonda həmyerlilərimizin əksəriyyəti təşkil etdiyini göstərirdi... Bəlkə, bədii əsərlərimizi bir az neftə, bir az kürüyə bulaşdırsaq, içi qazla dolu olan balonda təqdim etsək, azacıq fikir verərlər - nefti, qazı, kürünü əsərdən təmizləyənə qədər...Doğrudur, bəzi yazıçılarımızın Türkiyədə, başqa ölkələrdə dərc olunması barədə ara-sıra xəbərlər oxuyuruq. Amma bunlar mədəni əlaqələr çərçivəsində baş tutur...2. Heca,  yoxsa sərbəst şeir ?Son illərin poeziyasında heca vəznində yazılan şeirlərə az rast gəlirik. Əslində, “son illərin poeziyası” ifadəsi şərtidir. Hər zaman olduğu kimi, müasir dövrdə də dərc olunmaq üçün istedad yeganə şərt sayılmır. N.Həsənzadənin Mir Cəlalla bağlı xatirələrində Mir Cəlal müəllimin ona “adam axtar, adam da mən” dediyini, sonralar da hər zaman şairə arxa-dayaq olduğunu efirdən çox eşitmişik. V.Əziz R.Rzanın xeyir-duası ilə ədəbiyyata vəsiqə qazandığını “Dözmək olmur” kitabına verdiyi ön sözlə hörmətlə təsdiqləyir. Bu qəbildən olan nümunələr tək-təkdir. Hər istedadlı insanın qarşısına Mir Cəlallar, Rəsul Rzalar çıxmır. “Tanışı” olmayan yeni yazarlar üçün redaksiyaların qapısı, adətən, bağlı olur. Belə təsəvvür yarana bilər ki, elektron mətbuat bu problemi aradan qaldırıb, amma vəziyyət oxşardır. Mədəniyyət portallarını “vərəqləyəndə” eyni imzalar gözlərimizi döyənək edir. Hər portalın öz daimi yazarları var, təsadüfən rast gəldiyimiz fərqli imzalar ümumi mənzərəni dəyişdirmir (Reallığı görmək üçün bir neçə saat vaxt sərf edib dərc olunan əsərlərə yazılan şərhləri oxumaq kifayətdir). Bu cür “monopoliyalar” “kənar” istedadlar üçün əksər hallarda qapalıdır. Bu baxımdan, “son illərin poeziyası” dedikdə, yalnız dərc olunan ədəbiyyatdan danışmaq olar.Dərc olunan gənc müəlliflər isə, əsasən, sərbəst vəzndə yazırlar. Bu şeirlərin sərbəst vəznə nə qədər uyğun olması barədə yazının üçüncü hissəsində danışılacaq. Hələlik isə doğma, sevimli heca vəzni haqqında...Analarımızın laylalarından, nənələrimizin bayatılarından, babalarımızın qoşma və gəraylılarından qanımıza, canımıza hopan, bizim özümüzdən daha çox milli olan heca vəzni! “Kitabi-Dədə Qorqud”dan tanıdığımız, kökü daha qədimlərdə möhkəmlənib yazılı ədəbiyyatda qol-budaq atan sərbəst şeirin doğma qardaşı... Yazılı ədəbiyyatımız on ikinci əsrə qədər ərəb-fars, on ikinci əsrdən başlayaraq, əsasən, fars dilində yaradıldığından (o zaman bütün Şərqdə bədii əsərlər üçün fars, elmi əsərlər üçün ərəb dili məqbul sayılırdı; bədii əsərlər əruzla yazılırdı), heca vəzni yalnız el ədəbiyyatında yaşayırdı. M.P.Vaqifin sayəsində doğma hecamız yazılı ədəbiyyatda möhkəmlənməyə başladı.Gənc yazarların bunlardan xəbərsiz olduğunu düşünmürəm. Amma, nədənsə, gənc yazarlar orta və yaşlı nəsil şairlərini, AYB üzvü olmayanlar AYB üzvlərini “sancmaq” istədikdə onları heca vəznində yazmaqda “ittiham” edirlər. Sanki sərbəst şeiri son onilliklərdə həmin gənc yazarlar kəşf ediblər. M.Müşfiq, R.Rza, Ə.Kərim, X.Rza, B.Vahabzadə... sərbəst şeirlərini dünən yazmayıblar ki! Həm də heca vəznini köhnəlik sayanlar poeziyanı “Qayıt”(Ə.Kərim), “Getmək istəyirsən, bəhanəsiz get”(N.Kəsəmənli), “Ay gecikən məhəbbətim”(T.Bayram), “Sən dərsə gəlməyəndə”(H.Arif), “Dünya sənin, dünya mənim”(M.Araz) ... şeirləri ilə sevməyiblərmi? Ümumiyyətlə, vəznin sənətkarlığa heç bir təsiri ola bilməz. Ə.Vahid ölməz qəzəllərini sosialist realizmi metodunun ədəbiyyatda hökmranlıq etdiyi bir vaxtda yaratmışdı - iyirminci əsr, ümumiyyətlə, əruz, qəzəl dövrü deyildi. Amma Ə.Vahidin qəzəlləri 21-ci əsrdə də yaşayır. Tutaq ki, sərbəst şeiri müasirlik kimi qəbul etdik - hecadan birdəfəlik imtina etməliyikmi? Ətəyimizi üç qarış qısaltmışıqsa, örtülü libaslarına görə ana və nənələrimizi qocalar evinə atmalı, küçədə yanında getməkdən utanmalıyıqmı? Dar cins şalvarda gəziriksə, dədə-baba qaydası ilə şalvar geyinən, yaxasının ikinci düyməsini açıq saxlamağı ədəbsizlik sayan ata-babalarımızdan üz döndərməliyikmi? Yəqin ki, “modern” olmaq naminə üz döndərmək məntiqli görünür... Bağışla, dostum, heca—başı sərkili vəznim, Şeirimin köməkçisi, əziz, sevgili vəznim. Elimin yadiğarı, səndən üz çevirmərəm, Səni döndərib külə küləklərə vermərəm. S.Rüstəm “Söhbət” 3. Sərbəst adlandırılan sərbəst şeirdirmi ?Xalqımız bədii yaradıcılıq sahəsində, ümumiyyətlə, istedadlıdır - hər evdə azı bir qafiyəqoşan, hər məhəllədə bir-iki şairliyə iddialı yazar, hər şəhərdə azı bir-iki şairimiz var, paytaxtımız isə şair sarıdan zəngindir. Özlərini “modern” şair sayan gənc yazarlar arasında da, şübhəsiz, istedadlı olanlar var. Amma onların çoxunun sərbəst şeir adı ilə dərc olunan yazılarının əksəriyyəti mənsur şeir janrina daha yaxındır - şeiri misralarla deyil, cümlələrlə yazırlar. Poetik cümlələri alt-alta yazmaq isə mətni şeirə çevirmir.Yanlışlıqlar gəncliyə xasdır, səhvlərimiz üzərində öyrənə-öyrənə yaşlanırıq. Bu səbəbdən ad çəkməyi düzgün hesab etmirəm. Sərbəst şeirlə mənsur şeirin fərqli və oxşar cəhətlərindən danışaq, öz yaradıcılığına ciddi yanaşanlar müqayisə apara bilsinlər.Poetik duyğu hər şeir vəzni və şəkli üçün vacibdir. Heca vəznində heca sayı, qafiyə, bərabər ölçülü intonasiya, ahəgdarlıq (ritm) şərtdir. Sərbəst şeir sözləri hara gəldi, necə gəldi səpələmək demək deyil -sərbəst şeirdə də qafiyə, ölçü, ahəngdarlıq vacibdir, amma onların yeri, işlənmə ardıcıllığı sərbəstdir: bəzən birinci misranın qafiyəsi yeddinci misraya uyğun gələ bilər; hər misrada heca sayı, daxili bölgü müxtəlif ola bilər. Amma burada da tam sərbəstlik mövcud deyil, hansı misrada neçə hecanın olması fikir və intonasiyadan asılı olaraq formalaşır. Heca və sərbəst vəznlər poeziya növünə xasdır - şeir, epik və lirik poemalar bu vəznlərdə yazılır. İki sərbəst şeirə nəzər salaq (oxucunu yormamaq naminə yığcam şeirlərdən istifadə olunur): BəlkəGözlərinə de ki,girməsinlər yuxuma;nə kədərli,nə sevincli,nə şirin vədəli.Dodaqlarına de ki,çəkilsinlər xəyalımdan;pıçıltılı,gileyli,hədəli!Ömrün illəriçiynimə yığılıbqalaq-qalaq.Nə qəm!Gəl bir əbədi ansəninləəl-ələ,söz-sözə,fikir-fikirə qalaq!Bəlkə, bütün ötüb keçən günlərən gözəl günün müqəddiməsi imiş.Bəlkə də bu nigaranlıq,bu incimələrməhəbbətin sınağı,sədaqətin səsi imiş. (Rəsul Rza)Sevirəm,Sözü arxadanKürəyə sancmayan,Təmiz havayaÜfunət saçmayan,Sevirəm,Xoşbaxtliğı başqasınınDərdinə dərman olan insanı...Sevirəm,Baxışları yaz şəfəqi kimiÜrək qızdıran,Sözləri qəlbəSəadət dadızdıran insanı .Yaxşılar az deyil...Odur ki, fəth edə bilmirBaşdan-başa qəlbimi qəm.Vüqarla sevirəm! (Əli Kərim)Bəzən qarışıq vəznlərdən istifadə olunur. Məsələn, Xəlil Rzanın şeirlərində yaradıçılıq pafosundan irəli gələn bir neçə ölçüyə rast gəlmək olar: eyni şeirdə nəinki həm heca, həm sərbəst vəzndən istifadə olunur, hətta heca vəzninin çox fərqli ölçüləri işlənir.Mənsur şeir - Azərbaycan dilinin izahlı lüğətində (3-cü cild, s.341) qısaca olaraq “nəsr şəklində yazılmış kiçik lirik əsər” kimi izah edilir. Bir qədər geniş izah etməyə çalışaq: mənsur şeirdə poetik duyğular, düşüncələr misra şəklində deyil, cümlələrlə ifadə olunur; qafiyə, ölçü, ritm zərurəti yoxdur. Mənsur şeir poeziyanın deyil, nəsrin janrıdır - lirizmi; emosional, ahəngdar ifadə tərzi onu digər nəsr əsərlərindən fərqləndirən, şeirə bənzədən cəhətlərdir.Dünya ədəbiyyatında mənsur şeirin ən gözəl nümunələrini R.Taqor, Azərbaycan ədəbiyyatında Gülhüseyn Hüseynoğlu yaratmışdır (G.Hüseynoğlunun “Mücrü” adlı mənsur şeiri məşhurdur, eyni adlı televiziya filmi oxucuya tanış olmalıdır). İki kiçik nümunəyə nəzər salaq:Mən görüşə tək çıxdım. Amma gecənin bu sakit qaranlığında məni təqib edən kimdir?Mən ondan yaxamı qurtarmaq üçün yolumu dəyişirəm, amma əbəs yerə!Onun addımları toz qaldırır; o söylədiyim hər bir sözə öz gur səsini qatır.Bu mənim kiçik “mənliyim”, mənim utanmaq bilməyən hakimimdir. Amma onunla birlikdə sənin qapına yaxınlaşmağa utanıram. (R.Taqor; tərcümə M.Rzaquluzadənindir)Səni kim yaradır, kim yaşadır?Yaratdığına, yaşatdığına peşman olurmu heç?!Sənə güclüsən, dəhşətlisən desəm, az olar!Qılıncdan da kəsərlisən desəm, az olar! Tez gəlməkdə tayın varmı?!Gözlənilmədən gəlməkdə sənə çatan olarmı?!Gəlişin yamandır. Titrədir də, saraldır da, soldurur da.Gedişin...Gedişini görən xoşbəxt hanı, Ayrılıq?!Hanı?! (G.Hüseynoğlu)Gənc yazarların əksəriyyətinin hansı janra yaxın yazdığını müqayisədə görmək olar. Əgər mənsur şeir şəklində yazmaq “nəsr dəbi”ndən irəli gəlirsə, bu cür nümunələri portalların proza bölməsində yerləşdirmək daha uyğun olar. Gənclər də yazdıqlarının hansı növə və janra aid olduğunu müəyyən etməkdə çətinlik çəkməzlər. Sədaqət Əhmədova
OXŞAR XƏBƏRLƏR