18:41 Bazar Ertəsi, 16 Sentyabr 2019
KRİMİNAL

Polis şübhələnməsin deyə narkotik almağa azyaşlı oğlu ilə getdi - FOTO

13:23, 23.05.20195053
Polis şübhələnməsin deyə narkotik almağa azyaşlı oğlu ilə getdi - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsi Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat zamanı Salyan sakini, əvvəllər məhkum olunmuş İdris Hüseynov idarə etdiyi "VAZ 2107” markalı avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı altı bağlama narkotik vasitə olan tiryək və üç bağlama heroin aşkar edilərək götürülüb.

Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, aşkarlanan tiryək 12 kiloqram 10 qram, heroin isə 2 kiloqram 370 qramdır. İ.Hüseynov ifadəsində bildirib ki, narkotik vasitələri cəzaçəkmə müəssəsində tanış olduğu "Alı” adlı İran vətəndaşından alıb. Həmin şəxs narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirərək İ.Hüseynova verib.

Qeyd edək ki, İ.Hüseynov saxlanılan zaman onun idarə etdiyi avtomobildə 11 yaşlı oğlu da olub. Saxlanılan şəxs ifadəsində qeyd edib ki, narkotik vasitələri əldə etməyə azyaşlı oğlunu yolda polislər ondan şübhələnməsin deyə aparıb. Azyaşlı uşaq artıq polislər tərəfindən anasına təhvil verilib.

İ.Hüseynov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
 

 

 

 



XƏBƏR LENTİ