Politoloq: ABŞ–İran arasında gizli dialoq mümkündür

Politoloq: ABŞ–İran arasında gizli dialoq mümkündür
SİYASƏT
13:12 26.03.2026
151
"ABŞ prezidenti Donald Tramp İran və ABŞ nümayəndələri arasında danışıqların aparıldığını  bəyan etsə də İran tərəfi bunu qəti şəkildə inkar edir”. 

Bunu AZXEBER.COM-a açıqlamasında Politoloq Oqtay Qasımov bildirib. 

O deyib ki, tərəflər arasında müəyyən dialoq mövcuddur:

"Bütün hallarda müəyyən formada dialoq mövcuddur və tərəflər bəzi məsələlər ətrafında müzakirələr aparırlar. Bununla yanaşı, ABŞ-nin İran ərazisində, xüsusən Xarq adası və Hörmüz Boğazı ətrafında quru əməliyyatlar keçirməsi ilə bağlı iddialar var. Bu iddiaların nə qədər doğru olduğu zamanla məlum olacaq”.

Politoloq qeyd edib ki, İranın qısa müddətdə təslim olması real görünmür:

"İranın qısa müddətdə təslim olması real görünmür. Çünki ağır itkilərə məruz qalmasına baxmayaraq hələ də müəyyən potensialı mövcuddur. ABŞ və İran hesab edirəm ki, sonunda müəyyən məsələlər ətrafında razılaşa bilərlər. Xüsusilə Hörmüz Boğazı ilə bağlı məsələlərdə ABŞ-nin maraqlarının təmin olunması şərtilə bu istiqamətdə addımlar atıla bilər. Dialoq ehtimalları kifayət qədər güclüdür”.

O söyləyib ki, İsrail İrana qəti zərbələr endirilməsini istəyir:

"İsrail tərəfi isə bu məsələdə çox maraqlı deyil və İrana qəti zərbələr endirilməsini istəyir. Amma yalnız hava hücumları ilə İranın təslim olması və rejim dəyişikliyi real görünmür. Bu baxımdan quru əməliyyatlarının keçirilməsi zəruridir. Lakin bu əməliyyatlar ABŞ üçün ciddi nəticələr doğura bilər. Çünki burada itkilər kifayət qədər çox ola bilər, resurs baxımından bu mümkünsüz görünür. Həmçinin, bu il ABŞ-də konqres və senata seçkilər keçiriləcək”.

O.Qasımov deyib ki, müharibə bir müddət belə davam edəcək:

"Savaş hələ bir müddət bu templə davam edəcək. Yaxın dönəmdə tərəflər müəyyən şərtlər altında İranın nüvə proqramı ətrafında məsələlərdə razılaşa bilərlər. Çin və Rusiya da müəyyən maraqlara malikdir. İran üzərində təsir baxımından Amerika və Çin arasında da müəyyən dialoqlar mövcuddur. Bu dialoq nəticəsində bölgədə İran və Amerika arasında müəyyən anlaşmaların əldə olunduğunu düşünmək olar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR