Politoloq Fərhad Hüseynovun sözlərinə görə, Azərbaycan ilə Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən aktiv fazaya keçib. O, bu fikirləri bu gün yayımlanan "Hədəf” verilişində səsləndirib.
AZXEBER.COM xəbər verir ki, politoloq bildirib ki, 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında imzalanmış bəyanat rəsmi olaraq "Strateji əməkdaşlıq” adlanır. Onun sözlərinə görə, bu əməkdaşlığın əsas xüsusiyyəti uzunmüddətli və çoxşaxəli olmasıdır.
"Uzunmüddətli əməkdaşlıq dedikdə, ilk növbədə nəqliyyat və enerji sahəsindəki əlaqələr nəzərdə tutulur. 2017-ci ildə Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu ölkələr faktiki olaraq Avrasiyanın geniş ərazilərini bir-biri ilə birləşdirmək niyyətindədir”, – deyə Fərhad Hüseynov vurğulayıb.
Politoloq əlavə edib ki, həmin əməkdaşlıq 2019-cu ildə yeni bir layihə ilə davam etdirilib. Söhbət "Qara Dəniz – Xəzər Dənizi” nəqliyyat dəhlizindən gedir. Bu layihədə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya iştirak edir.
"Mən düşünürəm ki, qarşıdan gələn səfərlər zamanı bu layihələrin reallaşdırılması məsələsi gündəmdə olacaq. Çünki təkcə müqavilə imzalamaq deyil, onun icrası da əsas məsələdir”, – deyə o qeyd edib.
Politoloq onu da xatırladıb ki, Xəzər dənizində yerləşən "Dostluq” neft yatağının birgə istismarı da əməkdaşlığın mühüm nümunəsidir.
"Sözügedən əməkdaşlıq təkcə taktiki deyil, həm də strateji xarakter daşıyır. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin müntəzəm görüşləri bu əməkdaşlığın siyasi tərəfini də göstərir. Türkmənistan rəsmi olaraq neytral mövqe sərgiləsə də, özünə siyasi vektor müəyyənləşdirib və bu səfərlər həmin istiqamətdə atılan addımlardır”, – deyə Fərhad Hüseynov fikrini tamamlayıb.
Oksana Orucova