Politoloq: “Vaşinqton görüşü Bakı-İrəvan münasibətlərində dönüş nöqtəsidir”

Politoloq: “Vaşinqton görüşü Bakı-İrəvan münasibətlərində dönüş nöqtəsidir”
SİYASƏT
14:15 08.08.2025
222
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-da rəsmi səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb.
 
Politoloq Turan Rzayev bu tarixi səfərlə bağlı AZXEBER.COM-a açıqlama verib.
 
Politoloq, Azərbaycan-Ermənistan sülh gündəliyinin səfərin və dəvətin əsasını təşkil etdiyini bildirib:
 
"Azərbaycan-Ermənistan sülh gündəliyi aydın məsələdir ki, səfərin və dəvətin əsasını təşkil edir. Bu baxımdan daha çox bu istiqamətdə razılıqların olması gözlənilirdi. İctimaiyyətə yansıdılan məlumatlardan da bu qənaətə gəlmək olar ki, İrəvan və Bakı razılıq əldə edib.
Birincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandığı deyilir. Bu mühüm nailiyyətdir. Ümumiyyətlə, paraflama sülh müqaviləsinin artıq əsas mətninin tərəflər tərəfindən razılaşdırıldığını və heç bir ciddi fikir ayrılığının qalmadığını göstərir. Bu mərhələ tərəflərin yekun imza mərhələsinə keçməyə hazır olduğunu bildirir".


Turan Rzayev həmçinin qeyd edib ki, əgər Bakı və İrəvan sülh müqaviləsinin paraflanmasına razılıq veriblərsə, bu həm də onu deməyə əsas verir ki, Ermənistan Konstitusiyasına da dəyişikliklər ediləcək:
 
"İndiki məqamda hüquqi baxımdan sənəd tam qüvvəyə minmir, amma siyasi baxımdan bu çox vacib irəliləyiş sayılır. Çünki artıq tərəflər açıq şəkildə elan edirlər ki, onlar həmin razılaşmanı qəbul edirlər və imzalamağa gedirlər. Yəni Azərbaycan və Ermənistan sülhün şərtlərini mətn şəklində razılaşdırıblar, sadəcə bundan sonra daxili təsdiqləmə prosedurları və rəsmi imza mərasimi qalır.

Bakı və İrəvan sülh müqaviləsinin paraflanmasına razılıq veriblərsə, bu həm də onu deməyə əsas verir ki, Ermənistan Konstitusiyasına da dəyişikliklər ediləcək. Bu, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması deməkdir və Bakının mühüm şərtlərindən biri idi.

İkincisi, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunması razılaşdırılıb. Məlum olduğu kimi, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Ermənistan Bakının bu tələbini qəbul edir.
Burada diqqət çəkən məqam Prezident D.Trampın Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq olmasıdır. Bir müddət öncə Vaşinqtonda bu məsələ ilə bağlı ABŞ ilə Ermənistan arasında saziş imzalanmışdı".
 
Politoloq qeyd edib ki, əgər Rusiya bu müraciətə razılıq verməsə, vəziyyət mürəkkəbləşə bilər:
 
"Düzdür, bu məsələdə əsas qərar hər iki tərəfin ortaq qərarıdır. Yəni Rusiyanın etirazı prosesi dayandırmayacaq, amma bürokratik uzanmalar səbəb ola bilər.
Daha ətraflı və dəqiq məlumat ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması ilə təsdiqlənəcək.

Ümumiyyətlə, ictimaiyyətə yansıdılan detallara baxdıqda prosesin müsbət dinamikası aydın görünür. Risk faktorları da var, amma İrəvan və Bakının razılaşa bilməsi özlüyündə prosesin gələcəyinə nikbin baxmağa əsas verir. D.Trampın səyləri də təqdirəlayiqdir. Hətta deyərdim ki, onun Azərbaycan-Ermənistan normallaşma prosesində belə yaxından iştirakı C.Karterin 1978-ci il Kemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə ilə müqayisə oluna bilər".
 
Turan Rzayev açıqlamasında Azərbaycan-ABŞ münasibətlərinə də diqqət çəkib:
 
"Prezident İlham Əliyevin ABŞ-a səfərinin ikinci mühüm aspekti Azərbaycan-ABŞ ikitərəfli əlaqələridir. Artıq heç kəs üçün sirr deyil ki, Bakı D.Trampın hakimiyyətə gəlməsində maraqlı olub. 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə, Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdi.
 
Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir müharibə başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib. D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi baş tutdu.
 
Yeri gəlmişkən, Prezidentin ABŞ-a səfəri də əsasən D.Trampın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə dair iki mühüm razılıq əldə edilib: Birincisi, Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanacaq. 907-ci düzəliş ümumiyyətlə Bakı ilə Vaşinqton arasında münasibətlərin ən əsas və həlli vacib problemi sayılır. Belə ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdi. Bu düzəliş bir müddət dayandırılsa da Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı.
 
İkincisi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək:

Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı hər şeydən öncə balans siyasətinin növbəti təzahürüdür. Çünki Bakı bundan öncə Rusiya və Çin ilə də strateji tərəfdaşlıq sazişi imzalayıb. Düzdür, bu üç ölkə ilə imzalanan sazişlərdə fərqliliklər olsa da, tətbiq edilən və ediləcək balans siyasətinə eyhamdır.
Digər tərəfdən Bakı gələcəkdə ABŞ ilə münasibətlərin pozulmasını istəmədiyi üçün münasibətlərə və əməkdaşlıqlara rəsmiyyət qazandırır. Bu həm də ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi deməkdir".
 
Oksana Orucova

 



 


 

OXŞAR XƏBƏRLƏR