''Portu''da baxışda olan azərbaycanlı futbolçudan ən son xəbər

İDMAN
09:29 13.11.2012
1295

Portuqaliyanın “Portu” klubunda baxışda olan Azərbaycan U-19 millisinin və “Sumqayıt”ın futbolçusu Orxan Əliyev əvəzedici komandayla birgə məşq edir.

Bu haqda Qol.Az saytının müxbirinə hazırda Portu şəhərində olan O.Əliyevin meneceri Vaqif Heydərli məlumat verib. O bildirib ki, futbolçumuz hələ bu həftənin sonuna qədər “Portu”da baxışda olacaq.

“Əgər məşqlərin sonunda Orxanla bağlı fikir müsbət olsa, onu komandada saxlayacaqlar və futbolçu ilə müqavilə imzalanacaq” – deyən V.Heydərli bildirib ki, FİFA-nın qaydalarına əsasən, 18 yaşı tamam olmadığından 17 yaşlı O.Əliyev qarşıdakı bir il hələlik yalnız “Portu”nun əvəzedici heyətində oynaya biləcək: “Təbii ki, əgər Orxanın oyunu məşqçiləri qane etsə”.

V.Heydərli bildirib ki, O.Əliyev bu həftənin sonunədək “Portu”da baxışda olacaq: “Hazırda Orxan məşqlər keçir, çoxsaylı test verir. Onu tam yoxlayırlar. Bu həftənin sonu məşqçilər korpusu onunla bağlı klub rəhbərliyinə hesabat verəcək. Yaınız bundan sonra Orxanın “Portu”da qalıb-qalmayacağı müəyyənləşəcək”.

V.Heydərli bildirib ki, Orxanın bu günlərdə əsas komandayla məşq edəcəyi haqda xəbərlər doğru deyil: “Əgər Orxan özünü yaxşı tərəfdən göstərib klubda qala bilsə, o zaman gələcəkdə “Portu”nun əsas komandasında məşqə çıxa bilər”.

OXŞAR XƏBƏRLƏR