Prezident: “İstəyirəm ki, sahibkarlıq inkişaf etsin, insanlar daha da zəngin olsunlar”

Bütün Xəbərlər
02:41 13.05.2011
1638

“Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi Proqramın icrası nəticəsində 2013-cü ilə qədər hər bir qəsəbədə bütün sosial və iqtisadi məsələlər öz həllini tapmalıdır. Bilirsiniz ki, mən bu ərəfədə bir neçə qəsəbədə vəziyyətlə tanış olmuşam, sakinlərin arzularını dinləmişəm. Artıq Proqram qəbul edilib. Əlbəttə, gərək biz bu proqramın icrasını yoxlayaq, nəzarət edək, həm mən, həm də siz”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkanda ictimaiyyət nümayəndələri ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, bütün qəsəbələrdə işlərin qısa müddət ərzində, sürətlə aparılmasını, insanları narahat edən məsələlər həll olunmasını istəyir: “Biz bu məsələləri, bu problemləri bilirik. Ona görə hesab etdim ki, Bakı və Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi Dövlət Proqramı qəbul edilməli idi və biz bunu etdik. Bütün dövlət qurumlarına tapşırıqlar verilmişdir ki, fəal işləsinlər və yerli sakinlərin xahişləri, arzuları da mütləq nəzərə alınmalıdır”.

Prezidentin sözlərinə görə, qəbul edilmiş Proqram çox böyük proqramdır: “Həm texniki cəhətdən, həm maliyyə baxımından böyük iş tələb edən layihədir. Bu Proqramın icrası üçün çox böyük vəsait tələb olunacaqdır. Biz bu il dövlət büdcəsinə əlavələr də edəcəyik ki, bu işləri təxirə salmadan həll edək. Ancaq buna baxmayaraq, Proqramın icra müddəti cəmi iki il yarımdır. Nə üçün? Çünki mən istəyirəm ki, bu məsələlər tezliklə həll olunsun. Əlbəttə ki, burada ictimai nəzarət də çox güclü olmalıdır. İctimai nəzarət də sizdən asılı olacaqdır. İndi işlər başlanacaq, yollar, su xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcək. Elə etməliyik ki, keyfiyyətli olsun. Çünki dövlət vəsait ayırır və işlər görülür, bəzi hallarda görülmüş işlər bizi qane etmir. Nə üçün?! Çünki ictimai nəzarət zəif olub. İş icraçıları vəzifə borclarına məsuliyyətsiz yanaşıblar. Ona görə ictimai nəzarət çox güclü olmalıdır. Sizdən və bütün qəsəbələrdə yaşayan sakinlərdən xahiş edirəm ki, əgər hansısa bir məsələ düzgün həll olunmursa, yaxud da ki, hansısa qüsur varsa, mütləq mənə məlumat göndərin. İndi həm məktub göndərmək olar, elektron poçt vardır, yəni müxtəlif yollarla məlumat çatdırmaq mümkündür. Elə etməliyik ki, işlər yüksək səviyyədə görülsün və sakinlərin arzuları mütləq nəzərə alınsın”.

Sakinlərdən biri Prezident İlham Əliyevə müraciət edərək, vaxtilə Hacı Zeynalabdin Tağıyev tərəfindən tikilən məktəbin təmirinə ehtiyac olduğunu bildirib: “Biz burada - bu məktəbin köhnə binasında təhsil almışıq. Bu bina sonradan tikilib. O köhnə binanın yenidən bərpasına böyük ehtiyac vardır. Qoy onu biz itirməyək. Mərdəkan əhalisi bu məktəbi Hacı Zeynalabdin Tağıyevin məktəbi kimi tanıyır. O, bugünkü tələblərə cavab vermir. Düzdür, istifadə olunur, amma bu gün üçün deyil, əsrin əvvəlində tikilmiş binadır”.

Prezident İlham Əliyev məktəbin təmir olunacağını və bununla bağlı müvafiq sərəncamın imzalanacağını bildirib. “Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün böyük işlər görüb”, - deyən dövlət başçısı bildirib ki, onun xatirəsi bizim üçün çox əzizdir: “Mən şəxsən onun gördüyü işlərə çox yüksək qiymət verirəm. Onun kimi şəxsiyyətlər Azərbaycan xalqını o dövrdə lazımi səviyyədə təmsil etmişlər. Əlbəttə, o, zəngin adam idi, öz zəhməti hesabına böyük maliyyə imkanlarına da nail olmuşdu. Ancaq o imkanlardan xalqın güzəranının yaxşılaşdırılması üçün istifadə etdi. O istəyirdi ki, Azərbaycan gəncləri oxusunlar, ağıllı, bilikli olsunlar. İstəyirdi ki, Azərbaycanda sosial məsələlər öz həllini tapsın. Öz vəsaiti hesabına böyük su kəməri çəkdirdi, məktəblər tikdirdi, kimsəsiz, kasıb uşaqları ali məktəblərə oxumağa göndərirdi. Belə görkəmli şəxsiyyətin bütün mədəni, mənəvi və maddi irsinə biz gərək hörmətlə yanaşaq. Məhz bu məqsədlə biz onun Bakıdakı evini əsaslı təmir və bərpa etdik. Orada indi Azərbaycan Tarix Muzeyi yerləşir. Amma eyni zamanda, biz onu Hacı Zeynalabdinin evi kimi bərpa etdik. Onun burada - Mərdəkan qəsəbəsində qəbrini də o vaxt biz abadlaşdırdıq. “Pir Həsən” ziyarətgahı hələ neçə il bundan əvvəl bizim təşəbbüsümüzlə abadlaşdırıldı. Mən bir daha demək istəyirəm ki, o, Azərbaycan tarixində ən görkəmli simalardan biridir. Onun xeyriyyəçilik missiyası Azərbaycan xalqının inkişafına xidmət edib”. 

Prezident İlham Əliyev müasir sahibkarlardan da danışıb: “Mən müasir dövrün sahibkarları ilə dəfələrlə görüşürəm və onlara da dövlət tərəfindən dəstək verilir. Mən istəyirəm ki, sahibkarlıq inkişaf etsin, insanlar daha da zəngin olsunlar. Hər dəfə onlara tövsiyə edirəm ki, sosial məsuliyyət məsələlərinə də diqqət göstərsinlər. İmkanlı, varlı adam elə etməlidir ki, kimin imkanı yoxdursa ona əl uzatsın, ona kömək göstərsin. Bu, onun Allah qarşısında da, vicdan qarşısında da xidməti olacaq”.

 

OXŞAR XƏBƏRLƏR