Bu gün “Azadlıq” qəzeti hakimiyyət daxili mənbələrə istinadən guya Milli Şuranın elan olunmasından bir gün əvvəl Prezident Administrasiyasında xüsusi toplantı keçirilməsiylə bağlı xəbər yayıb. Xəbərdə qeyd olunur ki, mayın 27-də Milli Şuranın yaradılması ilə bağlı gərgin müzakirələr getdiyi vaxtda iqtidar rəsmiləri də Prezident Administrasiyasında toplanıb. Məlumatlara görə, toplantıda Milli Şura ilə bağlı planlar müzakirə olunub. AZXEBER.COM yayılan informasiyanı Prezident Administrasiyasına yaxın mənbələrlə dəqiqləşdirib. Bəlli olub ki, “Azadlıq” qəzetində dərc olunan məqalə qəzetin illərdir reallaşdırdığı blef siyasətinin davamıdır. Gerçəklikdə isə Prezident Administrasiyasında bu məsələylə bağlı heç bir toplantı olmayıb. Ümumilikdə isə Milli Şura hakimiyyət qüvvələri tərəfindən ciddiyə alınmayıb. Mənbənin dediyinə görə, iqtidar Milli Şuranı da müxalifətin növbəti “təşkilat-təşkilat” oyunlarından biri kimi dəyərləndirir. Bu mənada “Azadlıq” qəzetinin son informasiyasını sosial dəstəyini itirmiş qüvvələrin növbəti dəfə özlərini təsəlli, ictimaiyyəti isə çaşdırmaq cəhdi kimi qiymətləndirmək olar.