Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində bir çox məsələlərdən danışdı. Ölkə başçısı müharibədəki qələbəmiz, hərbi gücümüzdən danışan Ali Baş Komandan qeyd etdi ki, bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır:
"Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır".
Dövlət başçısı bildirdi ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı:
"Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”.
Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Prezident müsahibəsində olduqca ciddi məqamlara toxundu:
"Ötən gün Cənab Prezident İlham Əliyev yerli telekanallara vermis olduğu açıqlamalarda olduqca ciddi məqamlar üzərində dayandı. Həm beynəlxalq səviyyədə, həm regional durumda gedən proseslərin təhlili verildi. Azərbaycan dövlətinin qarşısında duran önəmli vəzifələrin ayrı-ayrı aspektləri önə çəkildi. Təbii olaraq həm də Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun, gücünün artması və bunu reallaşdırmasını təmin edən amillər də diqqətə çatdırıldı. Sirr deyil ki, bütün dünyada Azərbaycanı məsuliyyətli və ciddi bir dövlət kimi qəbul edirlər. Bu fikir ayrı-ayrı dövlətlərin hökümət və dövlət başçıları səviyyəsində də etiraf olunur.
Əlbəttə, bunun başlıca səbəbi İlham Əliyevin idarəçilik fəlsəfəsi ilə birbaşa bağlıdır. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan müasir dövlətimiz zaman-zaman, addım-addım inkişaf edərək bu səviyyəyə qalxıb. Xüsusi olaraq, qeyd etməliyəm ki, Cənab Prezident beynəlxalq məsələlər üzrə biliyə və təcrübəyə malik olduğu üçün bunu çox yaxşı bilir. Ayrı-ayrı dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərin qurulması, çox düzgün olaraq ikitərəfli münasibətlərin yaradılması, onun inkişaf etdirilməsi, üzərinə götürmüş olduğu öhtəliklərə zərgər dəqiqliyi ilə yanaşaraq üzərinə düşən vəzifləri yerinə yetirməsi və hər hansı bir çətin situasiyadan asılı olmayaraq demiş olduğu sözün sahibi kimi çıxış etməsi, sözü ilə əməlini bir-birini tamamlaması Cənab Prezidentə və dövlətimizə beynəlxalq səviyyədə olduqca ciddi nüfuz qazandırmışdır. Bununla bağlı kifayət qədər faktlar var. Baxmayaraq ki, Ermənistanın yaratmış olduğu geniş xarakter daşıyan informasiya blokadası ən müxtəlif platformalarda bizə problem yaradanda belə Cənab Prezident Ulu Öndərimizin ənənələrinə sadiq qalaraq çox təmkin və səbrlə bu şəbəkəni, Azərbaycana qarşı geniş miyyas alan şər-böhtanına, qərəzinə qarşı mübarizəsini yaratmış olduğu komanda ilə aradan qaldırmağa nail olub. Bu gün də o fəaliyyət davam etdirilir”.
Deputat deyib ki, ən çətin tarixi situasiyalarda ölkə Prezidenti Azərbaycanın məsuliyyətli, ciddi və xeyirxah bir dövlət imicinə dünya miqyasında təsir edib:
"Nəzərə alsaq ki, erməni diasporunun və onun pulu hesabına bütün dünya miqyasında formalaşan erməni lobbisi ölkəmizə qarşı müstəqillik əldə etdikdən bu günə qədər o problemləri yaratmaqdadır. Buna baxmayaraq Cənab Prezident bütün bunların hamısının qarşısını çox uğurla alaraq sağdan, soldan gələn hücumların, qərəzli fikirlərin aradan qaldırılması və Azərbaycanın haqqa, ədalətə söykənən hüquqlarının müdafiəsi yolunda böyük fədakarlıqla mübarizəsi ədalətli insanlar, dövlətlər tərəfindən, heç şübhəsiz ki, nəzərə alınır. Bu, təbii ki, dövlətimizə də, ölkə başçısı Cənab Prezidentimizə də böyük nüfuz gətirir. Ən çətin tarixi situasiyalarda, hətta beynəlxalq xarakter daşıyan çətin durumlarda da ölkə Prezidenti Azərbaycanın məsuliyyətli, ciddi və xeyirxah bir dövlət imicinə dünya miqyasında təsir edib. Götürək, pandemiya dövrünü. Həmin dövrdə Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının rəhbəri kimi, sədri kimi BMT-də bu Hərəkata daxil olan və iqtisadi imkanları zəif olan ölkələrə yardımın göstərilməsinin təşkilat səviyyəsində müzakirəyə çıxarılması, bununla əlaqədar olaraq ayrı-ayrı ölkələrə öz imkanlarımız daxilində göstərmiş olduğumuz maliyyə yardımı, bunun hesabına onların vaksinlərlə təmin olunmasına doğru atılan addımlar Prezidentimizə və dövlətimizə çox yüksək rəğbət doğurdu”.
Fəzail Ağamalının sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsində də ölkəmiz düşünülmüş addımlar atdı:
"Sonrakı illərdə də, pandemiyanın bir az zəiflədiyi 2021-22-ci illərdə, eyni zamanda dünyada ciddi kataklizmlər yaradan Rusiyanın Ukraynaya təcavüzü, bu gün də müharibənin böyük dalğalarla davam etməsi zəmnində, Prezident özünün beynəlxalq hüquq normalarına söykənənən, ədalət prinsipinə əsaslanan xəttini davam etdirdi. Bir tərəfdən Ukraynaya Azərbaycan sistemli yardımlarını əsirgəmədi, bu proses davam edir. Ukraynada Rusiyanın məhv etdiyi infrastrukturun, xüsusi olaraq, elektrik enerjisinin məhv edilməsi ilə bağlı yaranmış çətinliklərdə Azərbaycan dövləti yenə öndə oldu. Eyni zamanda özünün müstəqilliyini qoruyub saxladı və Rusiyaya qarşı beynəlxalq səviyyəli sanksiyalarda yer almadı. Bu, çox doğru yanaşma idi və praqmatik yanaşma idi. Biz neytral qalmalı və özümüzü, dövlətimizi qorumalı idik”.
"Bütün bunlara görə, Cənab Prezidentin demiş olduğu fikirlər arqumentə, fakta söykənir və ciddi mahiyyət daşıyır. Əminəm ki, Cənab Prezidentin bu xətti Azərbaycanın bundan sonra da dünya miqyasında nüfuzunu gücləndirəcək. Bu xətt Azərbaycana doğru yönəlmiş olan qərəz və böhtanların qarşısının alınmasında da özünün konkret nəticələrini verir və verəcək”, - deyə deputat əlavə edib.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib.