Prezident Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı sərəncam imzalayıb

MARAQLI
17:39 25.11.2010
2013

AZXEBER.COM AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, sənəddə qeyd olunub ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarandığı vaxtdan etibarən sənət tariximizə milli-mənəvi sərvətin bir çox qiymətli nümunələrini bəxş edib. Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək, bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır. 

“Xalqımızın mədəni həyatında özünəməxsus yerini və yüksək ictimai əxlaqi dəyərlərin təbliğində rolunu nəzərə alaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulmasını təmin etmək məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı işlərin başlanılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın. 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin”, prezidentin sərəncamında deyilir.

 

OXŞAR XƏBƏRLƏR