“Prezident Fransanın heç vaxt eşitmədiyi həqiqətləri söylədi” – Deputat

“Prezident Fransanın heç vaxt eşitmədiyi həqiqətləri söylədi” – Deputat
SİYASƏT
12:21 03.03.2023
479
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü başladı. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksəksəviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

Zirvə görüşündə bir çox önəmli məsələlərin müzakirəsi oldu. Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə Fransanı üzr istəməyə çağırdı:

"Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq".

"Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”, - deyə dövlət başçısı qeyd etdi.

Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında Prezidentin çıxışlarına münasibət bildirib.
 

 

Deputat qeyd edib ki, COVID-19-a qarşı Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısında Cənab Prezident həmişə olduğu kimi çıxışında çox vacib məqamlara toxundu: "Əvvəla, ölkə Prezidenti dünyanın ikinci böyük təchizatı olan Qoşulmama Hərəkatının sədri kimi, dünya lideri kimi qlobal məsələləri, dünyada baş verən siyasi mənzərədə yaranmış çətinliklər, təhdidlər və ondan çıxış yollarını göstərdi. Bu, Cənab Prezidentin dünya səviyyəsində böyük lider olduğuna bariz nümunədir”. 

Deputat bildirib ki, Prezident Fransa barədə, bəlkə də Fransanın heç vaxt eşitmədiyi həqiqətləri söylədi:

"Digər məsələ, Prezidentin çıxışında dayanıqlı sülhün əldə olunması üçün, dünyada minalarla bağlı su çatışmazlıqları ilə bağlı, ərzaq çatışmazlıqları ilə bağlı, pandemiyadakı ədalətsiz bölgü ilə bağlı, BMT-nin Təhlükəsizlik Şurasının artıq köhnəldiyi ilə bağlı yeni təkliflər, ideyalar göstərdi. Öz fikirlərindən birində də Fransa barədə, bəlkə də Fransanın heç vaxt eşitmədiyi həqiqətləri söylədi. Belə ki, kolonya məsələsi, Fransanın demokratiyadan, insan aktlarından danışaraq özü hələ də keçmişində kolonya saxladığı, soyqırımı törətdiyi və ona görə üzr istəməli olduğu, indi yenə də bir neçə ərazidə müstəmləkə siyasəti həyata keçirdiyi qeyd olundu. Bu, Fransanın diqqətinə çatdırıldı və keçmişdə törətdiyi soyqırımı aktlarına görə də üzr istəməli olduğunu bildirdi. Bu, bugünkü reallıqlardır. Fransa BMT Təhlükəsizlik Şurasının üzvü olduğu Azərbaycanın 4 qətnaməsinə səs verdiyi halda, 44 günlük müharibə dövründə Azərbaycan həmin qətnamələri, beynəlxalq hüququ, ədaləti bərpa etdiyi dövrdə onun əksinə səs vermişdi. Yəni bu, anlaşılmaz siyasətdir. 30 ilə yaxın Minsk qrupunun həmsədri kimi anlaşılmaz və selektiv yanaşma ilə bitərəf olmalı olduğu halda, Ermənistan tərəfində olmaqla bütün norma və prinsipləri pozmuş oldu. Zirvə görüşündə Cənab Prezident Fransanın bu cür siyasətini qısa və lokonik şəkildə qeyd etdi. Düşünürəm ki, Qoşulmama Hərəkatına üzv olan dünyanın digər digər ölkələri də bu məsələdə yekdil olacaqlar. Fransanın müstəmləkə siyasətindən əl çəkməyə çağıracaqlar”. 

V. İskəndərov həmçinin əlavə edib ki, Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi dünyada qlobal anlamda olan siyasi proseslərə, məsələlərə toxundu:

"Ümumiyyətlə, Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi dünyada qlobal anlamda olan siyasi proseslərə, məsələlərə toxundu. Eyni zamanda, həm Vətən müharibəsindəki qələbəmiz, həm post-müharibə dövründəki yenidənqurma və bərpa işlərini, həm minalardan əziyyət çəkməyimizi və burada Ermənistanın günahkar olmasını, Ermənistanın ərazilərimizin təbiətini, sularını, insanlarını terrora məruz qoymasını və dünyada belə məsələlərə selektiv yanaşmanı qeyd etdi. Bununla da, dünya lideri olduğunu göstərdi və dünyanı ədalətli olmağa səslədi”.

Milli Məclisin deputatı Arzu Nağıyev də AZXEBER.COM-a açıqlamasında qeyd olunan məsələlərlə bağlı fikirlərini bildirib.
 

 

Deputat deyib ki, Fransa, doğrudan da həm Afrikada, həm Cənubi, Şərqi Asiyada və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə siyasətini həyata keçirir:

"Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi öz çıxışında Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı fikirlərini bildirdi və Fransanın bir sıra dövlətlərdən üzr istəməsinin mütləq olduğunu vurğuladı. Əsas məqam da ondan ibarətdir ki, Fransa, doğrudan da müstəmləkəçilik siyasəti yürüdərək həm Afrikada, həm Cənubi, Şərqi Asiyada və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə siyasətini həyata keçirir”. 

Arzu Nağıyev qeyd edib ki, Fransa, həmçinin Azərbaycan-Ermənistan arasında olan münaqişədən sonra sülh müqaviləsinin imzalanmasına xələl gətirən bir sıra addımlar da atır:

"Bundan başqa son vaxtlar Azərbaycan-Ermənistan arasında olan münaqişədən sonra sülh müqaviləsinin imzalanmasına xələl gətirən bir sıra addımlar da atır. Düşünürəm ki, məhz Ermənistana qarşı da öz müstəmləkəçilik siyasətini yürüdür, əvvəllər sadəcə siyasət idi, indi artıq jandarmanın göndərilməsi, silahlı qüvvələrin göndərilməsi istiqamətində addımlar atır. Yəni bu, bir daha Fransanın xislətindən, Fransanın xarici siyasətindən doğan bir məsələdir”. 

"Buna görə də, düşünürəm ki, soyqırımı aktlarına görə o, mütləq şəkildə üzr istəməli və törətdiyi əməllərə görə məsuliyyətini etiraf etməlidir. Yəni Fransanın xarici siyasəti ondan ibarətdir ki, 120 dövlət də bu haqda danışır. Onlar Fransanı xarici siyasətində dönüş etməyə çağırır”, - deyə deputat əlavə edib.
 
Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
 

 


 

OXŞAR XƏBƏRLƏR