"Prezident İlham Əliyev hər zaman ana dilimizə böyük qayğı və diqqətlə yanaşıb" - ŞƏRH

"Prezident İlham Əliyev hər zaman ana dilimizə böyük qayğı və diqqətlə yanaşıb" - ŞƏRH
SOSİAL
14:07 04.11.2025
187
"On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram".

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət AZXEBER.COM-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin ən böyük müdafiəçisi və onun ən güclü ifadəçisidir:  

"İlham Əliyev Azərbaycan dilinin ən böyük müdafiəçisi və onun ən güclü ifadəçisidir. Həqiqətən də onun səlis nitqi, fikirlərini aydın və rahat şəkildə ifadə etməsi, Azərbaycan dilində danışarkən xarici sözlərə yer verməməsi, məntiqli, qısa və uyğun cümlələr qurması hər kəs üçün bir nümunədir. Bu da təsadüfi deyil, çünki Prezident İlham Əliyev hər zaman ana dilimizə böyük qayğı və diqqətlə yanaşıb. O, sadəcə Prezident deyil, həm də bir Azərbaycan vətənpərvəri, təəssübkeşidir". 


Ekspert deyib ki, Prezidentin bu münasibəti onun ailə dəyərlərindən və ailə bağlarından qaynaqlanır:

"Ulu Öndər Heydər Əliyev də sağlığında Azərbaycan dilinə dövlət dili statusu vermiş bir lider idi. Hələ Azərbaycan Sovet Sosialist Respublikası dönəmində, Azərbaycan müstəqil olmadığı bir vaxtda Heydər Əliyev ölkənin Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi təsbit etmişdi. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası 1995-ci il 12 noyabrda qəbul edilərkən də məhz Heydər Əliyev Azərbaycan dilini alternativsiz dövlət dili kimi Konstitutsiyaya saldı. Yəni, Heydər Əliyev və İlham Əliyev ailə olaraq ana dilimizə sadiqdirlər, onun qorunması üçün daim çalışıblar.

A. Həsrət vurğulayıb ki, İlham Əliyev dillə bağlı məsələlərdə daim narahatlığını ifadə edir: 

"Dilin qorunması üçün dövlətin ata biləcəyi bütün addımların atılması barədə sərəncamlar, fərmanlar, göstəriş və tapşırıqlar verir. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Azərbaycanı "rusdilli ölkə” adlandırmışdı. Bunun fonunda Prezident İlham Əliyevin yenidən ana dilimiz və dövlət dilimizin əhəmiyyətinə diqqət çəkməsi tamamilə yerinə düşən bir addımdır. Düşünürəm ki, bundan hər kəs öz nəticəsini çıxarmalıdır”.

ADU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Səbinə Əliyeva mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Prezident Azərbaycan dilinə hər zaman böyük qayğı göstərib:

"Prezident Azərbaycan dilinin həyatımızın bütün sahələrində işləkliyinin təmin edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayıb. İmzaladığı fərman və sərəncamlar, etdiyi çıxışlar bu sahədəki problemlərin aradan qaldırılmasında, Azərbaycan dilinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Nəinki dilçilər, eləcə də hər bir azərbaycanlı bu işə zərrə qədər də olsa, öz töhfəsini verməlidir”.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "azərbaycançılıq ideyasının təbliği" mövzusunda dərc edilib.

 




OXŞAR XƏBƏRLƏR