"Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir"

"Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir"
SİYASƏT
15:58 09.08.2021
1824
Tarix boyu bütün dünyanı əhatə edən inteqrasiya proseslərindən Azərbaycan da geri qalmayıb. 

Azərbaycan dövləti dünya birliyinə inteqrasiyanı hər zaman qarşıya qoyduğu məqsədlərdən aliso hesab edib. Bu, ölkəmiz üçün, onun inkişafı, müasir dövrün tələblərinə uyğun texnologiya, elm-təhsil əldə etmək üçün vacib addımlardır. Bu proses ölkəmiz üçün nə qədər müsbət xarakter daşıyırsa, dünya üçün də bir o qədər önəm kəsb edir. Çünki dünya dövlətlərinin də Azərbaycandan qazanacağı, öyrənəcəyi çox şeylər var. İnkişaf etməkdə olan Azərbaycan dövləti yeraltı və yerüstü sərvətlər ölkəsidir. 

Güclü orduya sahib olan ölkə dünya dövlətlərinin əksəriyyətini geridə qoyur. Bu səbəblərdən Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası bütün dünyanın inkişafına səbəb olmasını istər dost, istər düşmən ölkələri bilir. 

Bu proseslər hər zaman ölkə başçısının diqqəti altındadır və bununla bağlı bir sıra proqramlar həyata keçirilir. Müvəffəqiyyətlə reallaşan bu proqramlar Azərbaycanın region ölkələri ilə, Avropa dövlətləri ilə, ABŞ-la iqtisadi, siyasi əlaqələri əhatə edir. 

Azərbaycan region ölkələri ilə əlaqələrin inkişafı, qarşılıqlı münasiblərin saxlanılmasına xüsusi diqqət ayırır. Regionda böyük təsir gücünə malik olan Rusiya da Azərbaycanla əlaqələrə ciddi önəm verir. Bu da Azərbaycanın Rusiya ilə qarşılıqlı əlaqələrinin inkişafı yönündə atılan düzgün siyasi addımların bəhrəsidir. 

Region ölkələri arasında dost-qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə əlaqələri tarix boyu yüksək səviyyədə olub. Bu gün də bu münasibətlər ən yüksək səviyyədə davam edir. 

Azərbaycanla Türkiyənin qardaşlığı Vətən Müharibəsi dönəmində də bütün dünyaya bir daha sübut olundu. Bütün bunlardan sonra təkcə qonşu, region dövlətləri deyil, aparıcı Avropa ölkələri də Azərbaycanla münasibətə diqqət ayırır.

Elə 44 günlük Vətən Müharibəsi dövründə də Azərbaycanın qazandığı tarixi qələbə öz gücünü həm region ölkələrinə, həm də dünya dövlətlərinə göstərdi. Bu tarixi qələbədən sonra Azərbaycanın dünya miqyasında nüfuzu daha da artdı. Artıq dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanla əlaqələrin inkişafına daha yaxından maraq göstərirlər. Bir çox irimiqyaslı beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycan artıq bu təşkilatlarda aparıcı dövlətlərdən birinə çevrilib. 

BMT, İƏT, ATƏT kimi təşkilatlarda Azərbaycan xüsusi rəğbət qazanıb. Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.

Millət vəkili Bəhruz Məhərrəmov AZXEBER.COM-a bildirib ki, Vətən müharibəsindəki qələbədən sonra rəsmi Bakının beynəlxalq inteqrasiya proseslərinin istiqamətində rolu fərqli məcraya çıxıb:

"44 günlük savaşdan sonra Azərbaycanın Cənubi Qafqazın hərbi, siyasi və iqtisadi güc mərkəzi, o cümlədən, regionda diqtə edən dövlətə çevrilməsi şübhə doğurmur. Bu mənada Vətən Müharibəsindəki qələbəmizdən sonra bölgədə strateji maraqlara malik beynəlxlaq hüquq subyektləri mənafelərinin təmin olunması üçün Azərbaycanla hesablaşmağın zərurətini anlayıblar. Təsadüfi deyil ki, müharibəyə qədər və müharibə dövründə Azərbaycana fərqli münasibət sərgiləyən, işğal faktoruna göz yuman dövlətlər Azərbaycanı qələbə münasibəti ilə təbrik edərək Böyük qayıdış yolunda, quruculuq-bərpa prosesində rol almaq niyyətlərini ifadə edirlər. Yəni, aydındır ki, VI nəsil müharibədə qələbəmiz Azərbaycanın beynəlxalq nüfuzuna əsaslı təsir edib və rəsmi Bakının beynəlxalq inteqrasiya proseslərinin istiqamətində rolunu fərqli məcraya çıxıb”. 

Bəhruz Məhərrəmov onu da qeyd edib ki, son 9 ayda Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində qlobal güclər özləri maraqlı görünməyə başlayıb:

"Konkret olaraq, son 9 ayda Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində yalnız rəsmi Bakı yox, həm də beynəlxalq birlik, xüsusən, qlobal güclər özləri maraqlı görünməyə başlayıb. Digər məqamlar, məsələn, Azərbaycanın Qoşulmama hərəkatında çox ağır və mürəkkəb tarixi siyasi şəraitdə sədrliyi dövrü, hərəkat tarixində ilk dəfə üzv dövlətlərin səylərinin qlobal təhlükəsizlik naminə birləşdirilməsi, prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusla mübarizə və vaksinlərin ədalətli bölgüsü ilə bağlı çox vacib hüquqi addımların atılması da rəsmi Bakının nüfuz və çəkisinə köklü təsir göstərdi, Azərbaycana qlobal təşəbbüskar kimi baxılmağa başlandı. Mövcud hücum siyasəti doktrinamız isə Azərbaycan beynəlxlaq inteqrasiya proseslərində vasitəçiyə, yəni inteqrə olunandan, inteqrə edən gücə çevirdi”.


Ümumiyyətlə, Azərbaycan Respublikasının region dövlətləri, Avropa ölkələri, beynəlxalq təşkilatlarla onlara inteqrasiya hazırda yüksək səviyyədə davam edir. Bütün bu proseslər ölkə başçısının siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın onillikdə Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir.

Azərbaycanın Avropa elm-təhsil məkanına inteqrasiyasına da xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi tanınır. İnkişaf templərinə görə beynəlxalq reytinq agentliklərinin, ekspertlərinin diqqət mərkəzində olan Azərbaycana bu maraq Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə davamlılığa görə Azərbaycan MDB-nin bütün dövlətlərindən irəlidədir. Bu, dövlət başçısının bütün istiqamətlərdə dərin elmi əsaslar üzərində qurulan siyasətinin bəhrəsidir. Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir.

Aydın Nuri
 
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.

 


OXŞAR XƏBƏRLƏR