Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər azad olunmuş ərazilərdə keçiriləcək:
"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamına görə, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Məlum məsələdir ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada tətbiq olunmuş bir təcrübədir. Seçkilər növbədənkənar keçirildiyində vətəndaşlarımız öz siyasi iradələrini vaxtından əvvəl ifadə edirlər. Əsas məsələ ondan ibarətdir ki, bu seçkilər Azərbaycan Respublikasının seçki məcəlləsinin növbəti prezident seçkilərinin keçirilməsi ilə və yaxud növbədənkənar prezident seçkilərinin keçirilməsi arasında ciddi fərq etmir. Konstitusiyaya uyğun olaraq bu hallar qəbul ediləndir. Əsas məqam ondan ibarətdir ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər azad olunmuş ərazilərlə birgə, bütün ərazilərdə keçiriləcək.
Digər məsələ, 7 fevral 2024-cü il seçkisini zəfər seçkisi kimi qəbul etmək olar. Cənab Prezident İlham Əliyev qalib xalqın qalib prezidentidir. Bu gün hər bir azərbaycanlının səsləndirdiyi "Qarabağ Azərbaycandır” şüarı bütün Qarabağda və digər ərazilərdə quruculuq işlərinin dəstəklənməsi deməkdir. Bütün regionlarda islahatlar aparılır, bütün Azərbaycan xalqı özünə güvənir. Bu seçkilər Ali Baş Komandanın özünə inamın təcəssümüdür. Hər zaman dediyi sözün üstündə duran Ali Baş Komandan davamlı islahatları ilə bizim qələbəmizi həzm etməyən dövlətlərin qarşısında bir daha göstərməyə çalışır ki, biz doğrudan da güclüyük. Ədalətli seçki şəraiti təmin edilir”.
Deputat həmçinin bildirib ki, digər siyasi partiya üzvləri də növbədənkənar prezident seçkilərində öz namizədliyini irəli sürə bilərlər:
"Nəzərə alsaq ki, bütün siyasi partiyaların dövlət reyestrindən qeydə alınma prosesi başa çatıb, bu yanaşma ölkədə rəqabət mühitinin təmin edilməsini göstərir. Hər bir siyasi partiya və digər namizədlərə seçki məcəlləsinə uyğun olaraq, tam bərabər imkanlar veriləcək. Seçki məcəlləsinə uyğun olaraq, 60 gün davam edən hazırlıq prosesində namizədlər təbliğat-təşvifaq prosesini aparmalıdır, bu zaman KİV-lərin köməyindən istifadə edə bilərlər. Bu proseslərdə hər hansısa bir narazılıq ancaq qərəz kimi qeyd oluna bilər".
Ayşən Mirzəyeva