Braziliya prezidenti Jair Bolsonaro bazar günü keçirilən seçkilərdə uduzduqdan sonra tərəfdarları etiraz aksiyası keçirərək ölkə daxilində 20 ştatda 300-dən çox yolu bağlayıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bazar günü Braziliyada keçirilən seçkilərin ikinci turunda uduzan prezident Jair Bolsonaronun tərəfdarları küçələrə axışıb.
Belə ki, əksəriyyəti yük maşınları olan nümayişçilər ölkə üzrə 26 əyalətdən 20-də küçələrə çıxaraq 300-dən çox nöqtədə yolları nəqliyyatın hərəkətinə bağlayıblar. Magistral yolların hərəkətə bağlanması səbəbindən yollarda uzun növbələr yaranıb. Bəzi yerlərdə yoldakı təkərləri yandıran etirazçılar seçkilərdə qalib gələn müxalifətçi Luiz İnasio Lula da Silvanın prezident olmasına imkan verməmək üçün "hərbi müdaxilə” çağırışı ediblər.
Yol polisinin məlumatına görə, ən çox blokada Bolsonaronun güclü dəstəyə malik olduğu Santa Catarina və Mato Grosso do Sulda aparılıb.
Bazar günü ölkədə keçirilən seçkilərdə uduzan Bolsonaro seçkinin nəticələrinin açıqlanmasından 24 saatdan çox vaxt keçməsinə baxmayaraq, səssizliyini pozmayıb. Beləliklə, Bolsonaronun solçu rəqibi Luiz İnasio Lula da Silvanın qələbəsinə meydan oxuya biləcəyi bildirilir.
Braziliyanın rabitə naziri Fabio Faria Bolsonaronun çərşənbə axşamına qədər danışmayacağını açıqlayıb.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda keçmiş prezident və Leyboristlər Partiyasının namizədi Luiz İnasio Lula da Silva etibarlı səslərin 50,9 faizini, son 4 ildə ölkəni idarə edən qatı sağçı Jair Bolsonaro isə 49,1 faizini toplayıb.
Mikayıl