Azərbaycan prezidenti İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.