Xəbər verdiyimiz kimi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov bu gün tutduğu vəzifədən azad olunub. Buna səbəb kimi, onun vəzifəsinin icrasında yol verdiyi nöqsanlar göstərilib.
QSC-nin mətbuat xidmətindən "Qaynarinfo"ya Zamiq İsmayılovun işdən çıxarılması xəbərini təsdiq ediblər: "Zamiq İsmayılov sədrin birinci müavini idi və öz ərizəsi ilə işdən çıxıb. Onun vəzifəsində nöqsanlara yol verməsi ilə bağlı bizdə məlumat yoxdur".
"Qaynarinfo" xatırladır ki, Zamiq İsmayılovla bağlı mətbuatda mütəmadi olaraq müəyyən informasiyalar dərc olunub. Bir müddət əvvəl dərc olunan xəbərlərdə bildirilirdi ki, Zamiq İsmayılov QSC sədri Rauf Vəliyev və müavin Nəzrəddin Əhmədzadə ilə birlikdə vəzifə səlahiyyətlərindən istifadə edərək geniş biznes şəbəkəsi qura bilib.
Hətta onun hazırda həbsdə olan MTN generalları ilə də müəyyən əlaqələri barədə yazılmışdı. Bildirilirdi ki, Zamiq İsmayılov həbslərdən sonra da dayaqlarını itirməyib və vəzifədə olan qohumları tərəfindən himayə olunur. Sədr müavininin həmin qohumlar sayəsində gəmiçilik biznesini və digər ticarət işlərini genişləndirə bilib.
Qeyd edək ki, Zamiq İsmayılov prezidentin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
O, əmək fəaliyyətinə 1997-ci ildə "Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlayıb. 2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən "Ran Shipping” və "Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb.