"Prezidentin müsahibəsi ölkəmizin yeni uğurlara imza atacağından xəbər verir"

"Prezidentin müsahibəsi ölkəmizin yeni uğurlara imza atacağından xəbər verir"
SİYASƏT
16:06 13.01.2023
801
Azərbaycanın geostrateji mövqeyi həmişə müxtəlif ticarət yollarının üstündə yerləşməsinə görə hamını cəlb etmiş, diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün heç də asan olmamışdır. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Bütün çətinliklərə baxmayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə verib.
Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edən bir nəqliyyat dəhlizində söz sahibi olmaq indiki dövrdə xeyli problemin həll olunması, regionda söz sahibi olmaq, güc deməkdir.
Bu baxımdan cənab İlham Əliyevin maraqların toqquşduğu bir regionda mahir diplomatik bacarığı elə və yürütdüyü siyasətlə Azərbaycanın iqtisadi və regional maraqlarını özündə əhatə edən məsələrədə qətiyyətli mövqeyi çox mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının bir neçə gün öncə televiziyalara müsahibəsi Azərbaycan vətəndaşları qarşısında onun liderinin növbəti hesabatı olmaqla bərabər, həm tarixi, həm bugünkü, həm də gələcəyə dair kifayət qədər ciddi məlumatlarla zəngin idi. Azərbaycan xalqının etimadını qazanmış, dünya siyasətini dərindən bilən Azərbaycan Prezidenti, ilk növbədə, dünyaya ölkəmizlə bağlı həqiqətləri çatdıra bildi. Azərbaycan dünya səviyyəsində siyasi müstəvidə özünün milli maraqlarını təsdiq edə bilib. Bu gün qüdrətli, güclü Azərbaycan dövləti qurulmaqdadır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycana ola biləcək hər hansı bir təhdidin, - bizim ərazimizdə və kənarda olmasına baxmayaraq, - qarşısı qətiyyətlə alınacaq. Bu, Ermənistan və onu müdafiə edənlər üçün də çox ciddi bir mesajdır. Həmçinin ölkə Prezidenti faktlarla, xronoloji ardıcıllıqla göstərdi ki, məsələnin sona kimi həll edilməsi üçün Azərbaycan bütün müvafiq addımları atır. Ermənistan isə hər hansı bir möcüzə gözləyir. Bu ölkə hələ də özünün uydurduğu yalanlardan xilas ola bilmir. Atdığı addımlar onu gücləndirmək əvəzinə daha da zəiflədir. Ona görə də, Prezident İlham Əliyevin səmimi müsahibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı güclü dövlət yaratmağa, tarix səhnəsinə qüdrətli lider çıxarmağa və dünya birliyində layiqli yer tutmağa layiqdir. Bunu hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında görür.
Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
 
Ölkə başçısının yerli telekanallara müsahibə zamanı verdiyi əsas mesajlardan biri də budur ki, biz Ermənistanla məsələmizi həll etmişik. "Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə, həm də ki, özündə əminlik olmalıdır” deyən dövlət başçısı bununla real vəziyyəti qiymətləndirdi. Aydın oldu ki, Ermənistan yaranmış fürsəti 2023-cü ildə boşa verməməlidir. Belə ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. Bu,əslində bir xəbərdarlıqdır. Dövlət başçımızın da söylədiyi kimi, İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Ötən il Ermənistanın törətdiyi təxribatların bu ölkə üçün məlum ağır nəticələri də əslində dərs oldu. Ali baş komandanın da söylədiyi kimi, son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.
Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin açılması bütün Cənubi Qafqazın gələcəyi üçün böyük önəm kəsb edən tarixi zərurətdir və Ermənistan istəsə də, istəməsə də bu layihə reallaşacaq.

Naftalan şəhər sakini Məmmədov Arzu

OXŞAR XƏBƏRLƏR