Prezidentin qızı moda sərgisindən qovuldu

MARAQLI
11:57 17.09.2011
3042

Gülnarə Kərimova Özbəkistanda insan haqlarının pozulmasında ittiham olundu

“Ey, Gülnarə, uşaq əməyinin istismarını dayandır!”. Bu çağırışlar Nyu-Yorkda Özbəkistan diktatorunun qızı, biznesmen və modelyer Gülnarə Kərimovaya qarşı səsləndirilib. Təxminən 25 etirazçı sentyabrın 15-də Nyu-Yorkdakı “Cipriani” hotelinin qarşısına yığışıb. Onlar hoteldə Gülnarə Kərimovanın moda nümayişinə icazə verilməsinə etiraz ediblər. Onların etirazına səbəb isə Özbəkistanda pambıq yığımında uşaq əməyinin istismarıdır. Gülnarə Kərimovaya etirazların sürdüyünü deyən Yusif Sabirov bildirib ki, 8 yaşı olanda pambıq tarlasında işləməyə başlayıb. Onun Özbəkistanda qalan 2 uşağı da bu yaşda pambıq yığmağa başlayıb. Sabirovun sözlərinə görə, Kərimovanın şousuna etiraz edirlər, çünki Özbəkistanda yaşayanlar rejimə qarşı çıxa bilmirlər. Xatırladaq ki, Islam Kərimov Özbəkistanı Sovetlər Birliyi dağılandan sonra, 1991-ci ildən idarə edir. Onun hökuməti insan hüquqlarının kobud şəkildə pozulmasında günahlandırılır. “Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Veronika Szente Goldstona görə, bu ölkədə, hətta hüquq müdafiəçiləri də təqib edilir, onlara işgəncə verilir: “Özbəkistan hakimiyyəti alternativ fikrə dözümlü deyil. Prezident Kərimov dünyanın ən repressiv hakimiyyətinə rəhbərlik edir, o, ölkəsinin insan haqlarının pozulmasında yüksək ”rekord”una görə məsuliyyət daşıyır”. Onun sözlərinə görə, Özbəkistanın BMT-dəki daimi nümayəndəsi və Ispaniyada səfiri olan Gülnarə Kərimovanın da insan hüquqlarının pozulmasında əli var. Veronika Sente Qoldstoun bildirib ki, hər dəfə insan haqları ilə bağlı narahatlıqlar səslənəndə bunu təkzib edən, razılaşmayan özbək məmurları arasında Gülnarə Kərimova da olur. “Human Rights Watch” Gülnarə Kərimova ilə bağlı narahatlığını ifadə edəndən sonra Nyu-York City həftəlik moda nümayişinin təşkilatçı IMG şirkəti onun moda nümayişini ləğv edib. IMG şirkəti öz açıqlamasında bildirib ki, Özbəkistanda insan hüquqlarının pozulması halları dəhşət doğurur. Beləliklə, Gülnarə Kərimova şousunu və onun brendi olan “Guli”ni moda nümayişindən yığışdırmalı olub.

“Azadlıq” radiosu

OXŞAR XƏBƏRLƏR