"Bu qələbə Azərbaycan xalqının qəhrəmanlığı ilə, iradəsi ilə, Azərbaycan övladlarının igidliyi və şücaəti ilə, eyni zamanda xalqın rəhbərinin, sərkərdəsinin başçılığı ilə əldə olunmuş bir qələbədir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov sabahkı Zəfər Günü və 44 günlük müharibədə əldə etdiyimiz qələbədən danışarkən deyib.
Deputat qeyd edib ki, biz bu qələbəni xalqın qəhrəmanlığı və dövlət başçısının rəhbərliyi ilə əldə etdik:
"44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan dövlətinin, xalqının tarixinə qızıl hərflərlə yazılmış bir hadisədir, uğurdur. Yaddaşlardan silinməyən, qürurverici, sevinc gətirən qələbədir. 30 ildən sonra torpaqlarımız işğaldan azad olundu. Bu, kimlərləsə danışıqlar yolu ilə, xahişlə, minnətlə yox, Azərbaycan xalqının qəhrəmanlığı ilə, iradəsi ilə, Azərbaycan övladlarının igidliyi və şücaəti ilə, eyni zamanda xalqın rəhbərinin, sərkərdəsinin başçılığı ilə əldə olunmuş bir qələbədir. Bu qələbə, həqiqətən də, müqəddəs qələbədir”.
Deputatın fikrincə, qələbəyə gedən yola, zərgər dəqiqliyi ilə hesablanmış hər ana İlham Əliyev rəhbərlik edirdi:
"Biz çalışmalıyıq ki, qazandığımız bu qələbə əbədi olsun. Əbədi dövlətimiz, xalqımız qalib xalq kimi yaşasın. Həmin 30 illik tarixdə yaşadıqlarımızı bir daha yaşamayaq. Bu qələbəmiz Azərbaycan xalqı, dövləti üçün qürur mənbəyi, sevinc mənbəyi olmaqla bərabər, eyni zamanda həm dövlətimizin, həm xalqımızın nüfuzunu, hörmətini beynəlxalq aləmdə yüksəklərə ucaldan bir qələbədir. Təbii ki, bu qələbəyə gedən çox çətin, məsuliyyətli bir dövr də oldu. Zərgər dəqiqliyi ilə hesablanmış hər an, hər saniyə bizi qələbəyə yaxınlaşdırırdı. Buna da rəhbərlik edən cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev idi. Prezidentin rəhbərliyi ilə biz bu qələbəyə nail olduq. Azərbaycan əsgərinin igidliyi ilə biz bu qələbəyə nail olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin o azad olunmuş torpaqlara tökülən qanı ilə biz bu qələbəyə nail olduq”.
Elman Məmmədov həmçinin Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
"Hesab edirəm ki, biz qələbəmizi qoruyub saxlamaq üçün, ərazi bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi əbədi etmək üçün daha ciddi və birgə çalışmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Güclü dövlətimizi daha da gücləndirməliyik. Ordumuz daha güclü olmalıdır. Bizi istəməyənlərin, bizim bədxahlarımızın bizə qarşı olan bütün hərəkətlərinə yerindəcə, sanballı, dağıdıcı, öldürücü cavab verməyə hər an hazır olmalıyıq. Zəfər Günümüz münasibətilə hər kəsi, bütün Azərbaycan xalqını təbrik edirəm. Vətənimiz, xalqımız sağ olsun, dövlətimiz var olsun”.
Aydın Nuri