“Prezidentin uzaqgörən siyasəti bütün maniyələrin dəf edilməsində ölkəmizə böyük dəstək olacaq”

“Prezidentin uzaqgörən siyasəti bütün maniyələrin dəf edilməsində ölkəmizə böyük dəstək olacaq”
SİYASƏT
10:46 28.12.2022
297
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda ekofəalların, QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyasının on yeddinci günüdür. Havanın şaxtalı, soyuq olmasına baxmayaraq, etirazçılar öz məqsədlərindən geri dönmürlər. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm və qətiyyət nümayiş etdirirlər.

Azərbaycanın haqq səsinə hələ də susan, Azərbaycanın inkişafını gözü götürməyən dövlətlər var. Ermənipərəst qüvvələr və dövlətlər, təşkilatlar bu məsələdə də öz düşmənçilik missiyalarını ortaya qoyurlar. 

"Artıq dünyanın ikili standartlarla idarə olunması, selektiv yanaşma sərgilənməsi heç kimə sirr deyil. Bir neçə dövlətin maraqları üçün lazım olanda beynəlxalq hüquq o normaları, prinsipləri əlahiddə çalışır və lazım olan məsələ öz həllini tapır. Digər yerlərdə problemlərin mövcud olduğu sahələrdə ədalətsizlik və həmin məsələlərə selektiv yanaşmadan artıq Azərbaycan da əziyyət çəkən ölkələrdən biridir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanın diqtə etdiyi geosiyası mənzərə kifayət qədər dövlətlər, qruplar, təşkilatlar var ki, onları narahat edir:

"30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına baxmayaraq bir çox sammitlərin, böyük təşkilatların, dövlətlərin bəyanatlarına, qərarlarına baxmayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi öz həllini tapmaqdı. Azərbaycan öz gücü ilə həm ədaləti, həm beynəlxalq hüququ bərpa etdi. Vətən müharibəsindən sonra bölgəmizdə qlobal anlamda baş verən hadisələr, Azərbaycanın diqtə etdiyi geosiyası mənzərə kifayət qədər dövlətlər, qruplar, təşkilatlar var ki, onları narahat edir, qıcıqlandırır. Biz artıq bunu son zamanlar daha açıq-aydın görürük. Torpaqlarımızda baş verən hadisələlər, yeraltı, yersütü sərvətlərimizin talanmasına Azərbaycan ekofəallarının, vətəndaş cəmiyyətinin nümayəndələrinin etiraz etməsi və bununla bağlı aksiya keçirməsi Ermənistana özünü göstərən və "zü tutan” bir neçə dövlət və təşkilatları narahat etməyə başlayıb. Halbuki bu təşkilatlar uzun illərdir ki, Azərbaycanın suveren ərazisində həm hərbi cinayət, həm beynəlxalq mülki cinayət, həm ekoloji cinayət törədən ünsürlərə, şirkətlərə qarşı heç bir sanksiya və heç bir cəza tədbirləri görməyib. Əksinə ekofəalların aksiyasına qarşı hansısa bəyanatlar səsləndirirlər və BMT Təhlükəsizlik Şurasının tələm-tələsik iclasını keçirərək bəyanatın verilməsi dediklərimizə əyani sübutdur”.

Deputat deyib ki, ölkəmizə qarşı bu hərəkət ədalətsizlik və qanunsuzluqdur:

"Bu, selektiv yanaşmadır. Bu, ədalətsizlikdir, qanunsuzluqdur. Çünki bütün bu məsələlər Azərbaycanın suveren ərazisində - Qarabağ iqtisadi rayonu ərazisində keçirilir. Ona qarşı talan da oradadır və aksiyaçı da həmin ərazidədir. Düşünürəm ki, bu məsələlər ədalətli həll olunacaq. Yenə də Azərbaycanın iqtisadi gücü Azərbaycanın dünya ölkələri arasında öz çəkisi və nüfuzu, ölkə Prezidentinin uzaqgörən, ağıllı siyasəti qarşımıza çıxan bütün bu maniyələrin dəf edilməsində ölkəmizə böyük dəstək olacaq”.

30 il Azərbaycanın Qarabağ bölgəsində sülh və insanlıq əleyhinə cinayətlərə Azərbaycanın qətiyyətli mövqeyi sayəsində son qoyuldu. İndi isə Qarabağ ərazisində yaşayan bir qrup ermənilər bu cür məqsədlərdən uzaq durmalı, Azərbaycanın qanunları çərçivəsində hərəkət etməlidirlər. Özünü onların rəhbəri sayan Vardanyan da öz çirkin niyyətlərindən əl çəkməlidir.

Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında deyib ki, erməni separatçılarının 10 gündür çalışdıqları mitinq Xankəndi şəhərinin mərkəzində baş tutdu. Erməni milyarder Ruben Vardanyan 30 oktyabr aksiyasında olduğu kimi, mitinqdə kütləviliyi təmin etmək üçün yenə kisənin ağzını açdı:

"Vardanyan Xankəndi ətrafından gələnlərin nəqliyyat xərclərini də yenə üzərinə götürdü. Bundan başqa o, iştirakçıların hər birinə gəldikləri məsafədən asılı olmayaraq 30-40 dollar paylayıb. Diqqətçəkən bir məqam isə Xankəndidə məskunlaşan sadə ermənilərin mitinqə gəlməyə məcbur edilməsidir. Separatçılar aksiyada iştirak etmək istəməyənləri işdən qovulacaqları ilə hədələyib. Bu da azmış kimi, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir, təftiş edilir. Hətta aksiya əleyhdarı olan bir çox erməninin döyüb işgəncə verilməsinə dair faktlar var”. 

Turan Rzayev qeyd edib ki, Vardanyanın məhz ötən gün Xankəndidə aksiya keçirməsi təsadüfi deyildi: "Belə ki, dekabrın 26-27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammiti keçirildi. Sammit öncəsi Vardanyan aksiya keçirərək buna nail olmaq istəyir:

Birincisi, bu, Vardanyanın ikinci cəhdidir. Məsələ ondadır ki, oktyabrın 30-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş ərəfəsində Vardanyan Xankəndidə mitinq təşkil etdi. Vardanyan bu iki cəhdlə faktiki olaraq separatçı-terrorçu rejimin danışıqlar prosesində "tərəf” olaraq qəbul etdirilməsinə çalışır. 

İkincisi isə Vardanyan yaxşı bilir ki, separatçılar mövzusunda həm Qərb ölkələri, həm də Rusiya ortaq mövqeyə malikdir. Buna görə də mühüm görüşlər öncəsi aksiya təşkil edərək "Qarabağ əhalisi Bakını istəmir” mesajını ötürür”.

Ümumiyyətlə, Azərbaycana qarşı hər hansı çirkin niyyəti olanlar bilməlidir ki, "Dəmir Yumruq” hər zaman yerindədir. Bunu Ali Baş Komandan da öz çıxışlarında xatırladır. 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi qələbədən hər kəs nəticə çıxarmalıdır.


Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR