"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xankəndinə səfəri və Azərbaycan Bayrağının lokal antiterror əməliyyatından sonra işğaldan azad olunmuş məntəqələrimizdə dalğalanması çox mühüm əhəmiyyət kəsb edən mesajdır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Prezident İlham Əliyevin Xankəndi və digər işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağını ucaltmasından danışarkən deyib.
Deputat bildirib ki, Ali Baş Komandanın bu addımından dostlarımız sevinir, düşmənlərimiz dərs çıxarır:
"Təbii ki, dost buna sevinir, düşmən isə öz nəticəsini çıxarır. Əsas məsələ ondan ibarətdir ki, cənab Prezident 2003-cü ildə Prezident kürsüsünə əyləşdikdən sonra öz andiçmə mərasimində qeyd etmişdi ki, bütün Azərbaycan ərazisində suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunacaq. O, bunu etdi. Özü şəxsən işğaldan azad edilmiş ərazilərimizdə Bayrağımızı qaldırdı. İkinci məqam ondan ibarətdir ki, o bir daha revanşist qüvvələrə mesaj göndərdi ki, vaxtilə özlərinə müxtəlif vəzifələr icad etmiş həmin şəxslər bizi təhdid edirdilər.
İndi isə onlar öz cəzalarını gözləyirlər. Digər məqam isə budur ki, Azərbaycan birmənalı şəkildə özünün ərazi bütövlüyünü bərpa etdi və bundan sonra həmin ərazilərdə qalan erməni sakinlərlə reinteqrasiya məsələsi, eyni zamanda dinc quruculuq işləri davam etdiriləcək. Bütün işğaldan azad edilmiş ərazilərdə bu proses davam edəcək. Bu gün biz dünyaya göstərdik ki, Ermənistana dəfələrlə danışıqlar təklif etdik, dinc halda bu proseslərə son qoyulmasını istədik, lakin onlar həmin şərt və təklifləri qəbul etmədi, bu səbəbdən onlar layiqincə cəzalarını aldılar. Bu gün Azərbaycan öz sərhədlərini tam şəkildə bərpa etməklə suveren, qətiyyətli Ali Baş Komandan, rəşadətli ordu və həm orduya, həm də özünün Ali Baş Komandanına inanan bir xalqın vəhdətidir, birləşməsidir. Bu vəhdət istənilən zorakılığın, təcavüzün qarşısını almağda qadirdir və belə də olacaq".
Mikayıl Mirzəzadə