Xeyli vaxtdır Facebook, Twitter, Odnoklassniki sosial şəbəkələrində Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın ad və soyadını əks etdirən profillər aktivdir. İlk əvvəl bunlara əhəmiyyət verməyən Aygün xanım, deyəsən, statusuna xələl gətirən bu arzuolunmaz faktı ciddiyə almağa başlayıb.Əməkdaşımızla telefon söhbətində prodüseri Tarix Əliyev (Tolik) bu fikrimizi təsdiqlədi:"Başa düşüləndir ki, bütün bunlar hamısı fanat sevgisidir, amma hər şeyin də bir həddi var. Sosial şəbəkələrdə 2-3 profil deyil axı həmin şəxsləri tapıb başa salaq ki, gördükləri heç də düzgün iş deyil. Onlarla yalançı "Aygün Kazımova"lar var. Və bu azmış kimi Aygün xanımın real həyatda dostluq etdiyi insanlara yazışıb nələrisə bölüşürlər.Çalışdığım müğənninin adından bəyan edirəm ki, Aygün Kazımova heç bir sosial şəbəkədə qeydiyyatda deyil. Adından istifadə edənlərin yazışmalarına görə də hansısa məsuliyyət daşımır. Fürsətdən istifadə edib üzümü həmin şəxslərə tutub deyirəm ki, profillərini dondursunlar. Qoy bəzi fanatlar başa düşsünlər ki, onların bu sevgisi pərəstiş etdiyi müğənniyə ancaq xələl gətirir".Tolik onu da əlavə etdi ki, Facebook-da Aygün xanımın fanatlarının toplandığı qruplar var və onların fəaliyyəti xalq artistinin yaradıcılığını özündə əks etdirir. Qruplara nəzarətə gəlincə, bu işi də fanatlar öz öhdələrinə götürüblər.