Türkiyədə 17 dekabrda keçirilmiş rüşvətə qarşı mübarizə əməliyyatına əmr vermiş və buna görə də vəzifəsindən çıxarılmış keçmiş prokuror Zəkəriyyə Öz baş nazir Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verib.AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, “Sabah” qəzetinin xəbər şefi Şaban Aslanın da adının çəkildiyi şikayət ərizəsi İstanbul prokurorluğuna təqdim edilib. Ərizədə keçmiş prokuror özü ilə bağlı məlumatları qanundan kənar yollarla açıqlayan dövlət məmurlarını da məhkəməyə verib.Öz, prokurorluğa verdiyi ərizəsində özü haqqında həqiqətdənkənar iddiaları xəbərə çevirdiyini iddia etdiyi “Sabah” qəzetinin nüsxələri ilə yanaşı həm də baş nazir Ərdoğanın mitinq meydanlarında dediyi sözləri dəlil olaraq göstərib. Özünə qarşı ittihamların əsassız olduğunu ifadə edən Öz "Vəzifədən sui-istifadə", "Böhtan", "Təhqir", "Hədəf göstərmə" və "Fərdi məlumatları qeyri-qanuni yollarla əldə etmə və yayma" ittihamları ilə şikayət edib.