Rep ifaçısı PRoMete (Pərviz İsaqov) 1 illik mahnı marafonuna daxil olan növbəti işini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, bu dəfə ifaçı, məşhur "Yuxu” qrupunun sevilən "Xəzərin sahilində” mahnısından ilhamlanaraq ərsəyə gəlmiş "Sumqayıt uşağı” adlı trekini dinləyicilərə təqdim edib.
Duet təklifi qrupun eks-solisti Cəsur Nemətov tərəfindən irəli sürülüb. PRoMete bildirib ki, Nemətov ona bu layihə ilə bağlı müraciət edib və mahnının sözləri ilə nəqarətini dinlədikdən sonra yaradıcı proses başlayıb:
"Çünki bu hamımızın tanıdığı mahnının sözlərindən idi. Hiss etdim ki, bir sumqayıtlının hekayəsini yazmaq istəyirəm. Bu hekayəni yaza-yaza, siz özünüz də dinləyəndə hiss edəcəksiniz ki, bir hekayədən ikinci hekayəyə keçid var”.
Onun sözlərinə görə, trekin ilk hissəsində 90-cı illərə kimi Sumqayıtda yaşamış və milliyyəti bəlli olmayan, lakin özünü sumqayıtlı hesab edən bir obrazın hekayəsi yer alıb. İkinci hissədə isə PRoMete öz həyat hekayəsini danışır. O qeyd edib ki, ailəsi ilə birlikdə 90-cı illərdə Sumqayıta köçüb və 2005-ci ilə – universitet dövrünə qədər orada yaşayıb:
"Çalışdığım qədər hər şeyi 16 sətrə köçürdüm”, – deyə sənətçi əlavə edib.
Qeyd edək ki, mahnının musiqisi Cəsur Nemətova, sözləri isə Məhərrəm Eminov və PRoMeteyə məxsusdur. "Sumqayıt uşağı” treki artıq ifaçının rəsmi "YouTube”kanalında və bütün musiqi platformalarında yayımlanır.