İqtisadi şəraitdən asılı olaraq hansı valyutadan istifadə olunmasının səmərəliliyini daha çox investorlar həll edir. Onlar nəyi alırsa, həmin valyutanın və ya əmlakın qiyməti qalxır.
Fins.az-ın analitik qrupunun rəyinə görə, ötən il əhalinin istehlak tələbinin artdığı 3 əsas pik dövr olub: mart, sentyabr və dekabr.
Hər üç tarix əhalinin istehlak tələbinin pik tarixləridir. Yəni, bu tarixlərə az qalmış ticarətçilər xaricdən mallar alır və digər tərəfdən xaricə turizm səfərləri artır. Bu isə öz növbəsində dollara olan tələbatı yüksəldir. Tələbin artması manatın stabil axıcı kursunun müvəqqəti yüksəlməsinə səbəb olur.
Digər tərəfdən tədiyə balansına uyğun olaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) planlı surətdə yuxarı və ya aşağı hərəkət istiqaməti seçir və bunu yumşaq formada həyata keçirir.
2015-ci ildə bu, dekabrda, 2016 -cı ilin tədiyə balansının təsiri isə 2017-ci ilin yanvarında hiss olunub. Bu təhlillər göstərir ki, kursun korreksiyasına ehtiyac olarsa, bu ən tez sentyabr və ondan sonra baş verəcək.
Bəs önümüzdəki 7 ay ərzində nə etməli? Vəsaitlərimizi dollarda saxlasaq və ya bu valyutada investisiya etsək nə baş verə bilər?
Təhlillər göstərir ki, ən yaxşı halda dollar stabil qalacaq və biz dollar vəsaitlərindən 3-5% gəlir əldə edəcəyik. Manata keçdikdə isə ilk olaraq belə bir sual ortaya çıxır: Onu hara investisiya edib əlavə qazanc əldə edə bilərik?
Elə bir optimal variant olmalıdır ki, həmin investisiyanı 6-7 ay sonra geri götürə bilək. Ona görə ki, sentyabrda açıqlanan məlumatlardan asılı olaraq dolların qalxması riskinə qarşı qısa müddətdə geri dollara keçməli ola bilərik.
Bunu ən rahat formada belə edə bilərik. Fevralda manata keçərək indiki pikə yaxın qiymətlərlə dolları sayıb illik 18 faizlə dövlət qiymətli kağızları almaq olar. 6 aya həmin kağızlardan 9% gəlir götürmək mümkündür.
İyulda dolların qalxması ehtimalını analiz edib, ən aşağı məzənnə ilə dollar almaq olar. Belə halda 1,8700 manata satıb 1,7000 manata dolları alsaq, bu əməliyyatlardan 6 aya cəmi 19% gəlir əldə edə bilərik.
Dolların qalxmaq ehtimalı olmazsa, vəsaiti 15-18%-lə manatda bir daha investisiya edə bilərik. Dolların qalxması ölkənin iqtisadi inkişafından və tədiyə balansının saldosundan asılı olacaq.
Bu il iyun ayının nəticələrinə uyğun olaraq, vəziyyəti müəyyən etmək və riskdən kənarlaşmaq olar. Tədiyə balansı isə neftin qiymətindən asılı olacaq.
Hələ ki, neftin qiymətinin ötən ilin orta qiymətindən yüksək olduğu üçün bu il manatın mövqeyini qoruya biləcəyini söyləmək olar.