Dünya mediasında yer alan son xəbərlərə görə, Rusiya Moskva ilə Qərb ölkələri arasında gərgin diplomatik danışıqlar başlamazdan əvvəl Ukraynanın paytaxtı Kiyevdəki səfirliyini boşaltmağa başlayıb.
"New York Times”a danışan Ukraynanın yüksək rütbəli rəsmisi bildirib ki, əksəriyyəti rus diplomatların həyat yoldaşları və uşaqları olan 18 nəfər Kiyevdən Moskvaya göndərilib. Bildirilib ki, yanvarın 5-dən bir neçə gün sonra Kiyev səfirliyini və Lvov konsulluğunu 30 nəfər tərk edib.
Rusiya daha iki konsulluqda çalışan diplomatlara da ölkəni tərk etməyə hazırlaşmağı tapşırıb. Hazırki vəziyyətdə bütün dünyanın diqqəti Rusiya-Ukrayna münasibətlərinə yönəlib.
Həmçinin oxu:
Rusiya hər an Ukraynaya hücuma keçə bilər
Kanada Ukraynaya öz xüsusi təyinatlılarını göndərdi
Bəs, Rusiya Ukraynaya hücum edə bilərmi? Belə olan halda nəticəsi necə olacaq?
AZXEBER.COM xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edib-etməyəcəyini şərh edib. O, qeyd edib ki, Rusiya real hərbi müdaxilə hazırlığı nümayiş etdirməklə bir sıra planlarını həyata keçirmək istəyir:
"Əvvəla, BRİ saytındakı sonuncu yazımda da qeyd etdiyi kimi, Ukraynaya hərbi müdaxilə 8 il əvvəl baş verib: ərazisinin bir qismi ilhaq edilib, digər hissəsində isə faktiki işğal var. Həmin vaxt da iqtidarda olan Bayden hökumətinin hazırkı təlaşlı vurnuxmaları həddən artıq gecikmiş reaksiyadır. Təsəvvür edin, 8 il əvvəlki hadisələrdən sonra Obama-Bayden administrasiyası "Putini təhrik etməmək" kimi gülünc və savadsız əsaslandırma ilə Ukraynaya letal silahlar verməkdən imtina etmişdi.
Qayıdaq əsas suala. Rusiya real hərbi müdaxilə hazırlığı nümayiş etdirməklə ilk növbədə Ukraynanı Minsk razılaşmalarını onun (Moskvanın) interpretasiyasında yerinə yetirməyə vadar etmək istəyir. ABŞ-a da mesaj verir ki, belə narahatsansa, onda Kiyevi məcbur elə razılaşmaları icra etsin, bu mərhələdə bizim başqa tələbimiz yoxdur. Əgər bu günlərdə ABŞ rəsmilərinin dilindən "Ukrayna Minsk razılaşmalarını yerinə yetirməlidir" şəklində bəyanatlar eşitsəniz, anlayın ki, Rusiya ilə anlaşıblar. Minsk anlaşmalarının müddəalarının Rusiyanın yozumuna uyğun və onun istədiyi ardıcıllıqla yerinə yetirilməsi faktiki olaraq, Ukraynanın federallaşmasına, avroatlantik inteqrasiyadan imtinasına aparan yoldur. Bu, Moskvadan idarə olunan oyuncaq respublikaların federasiya subyekti kimi Ukrayna dövlətinə reinteqrasiyası və onların mərkəzi hökumətin qərarları üzərində söz haqqına sahib olmasını ehtiva edir.
Dava bunun üstündədir. Rusiyanın bu əraziləri Ukraynadan qoparmaq kimi ona hər hansı strateji qazanc təmin etməyəcək dar çərçivəli siyasəti yoxdur. Əgər bir gün bunu etsə, yəni Donetsk-Luqansk regionlarını da ilhaq etsə, onda bilin ki, Putinin A planı baş tutmadı. (Açıq deyək ki, Rusiya xarabazara çevirdiyi həmin torpaqları ilhaq edib əl çəksə, bu, Ukrayna üçün ən minimal itki ilə vəziyyətdən çıxmaq anlamına gələrdi).
Şahin Cəfərli hansı halda Ukrayna və Rusiya arasında müharibənin baş tuta biləcəyini də vurğulayıb:
"Əgər Ukrayna Rusiyanın tələbini yenə rədd edərsə, bu halda müharibə mümkündür. Amma Rusiyanın bütün sərhədlər boyu Ukraynaya soxulub, genişmiqyaslı işğal əməliyyatına başlaması mənə inandırıcı görünmür. Ukrayna ordusunun, təhlükəsizlik sisteminin olmadığı, onun beynəlxalq diqqət və dəstəkdən məhrum buraxıldığı 2014-cü ildə bunu etməyən Rusiya indi niyə etsin? Bu, onun Əfqanıstandan betər bataqlığa girməsi demək olar. Üstəlik, Əfqanıstandan fərqli olaraq, qarşısında heç də pis silahlanmamış böyük nizamlı ordu var. Əfqanıstana bənzərlik isə həmin ordunun öz evində döyüşdüyü üçün yüksək motivasiyaya malik olmasıdır.
Ukraynalılar II Dünya müharibəsi illəri və ondan sonrakı ən ümidsiz dönəmdə belə, 60-cı illərin ortalarına qədər sovet ordusu ilə döyüşüblər. İndi o zamanla müqayisə olunmayacaq dərəcədə imkanları olduğu halda, niyə döyüşməsinlər? Bundan başqa, Rusiyanın böyük coğrafiyada və dərinliklərdə əməliyyata girişməsi çox böyük canlı qüvvə ehtiyatı və nəhəng xərclər tələb edən işdir. Ön tərəf irəliləyib, xeyli ərazini tuta bilər, amma dərinlikdə onun arxa cəbhə ilə fasiləsiz əlaqəsini təmin etmək çox çətin olar. Çünki hər tərəfdən hücumlara məruz qalacaqlar. Bu səbəblərdən ən ağlabatan ehtimal budur ki, opolçeniye adı altında Rusiya ordusu Donbasın içərisindən hücum əməliyyatına başlayıb, regionun inzibati sərhədlərinə çıxmaq istəyəcək. Ukrayna bu hücumları dəf etmək gücündədir, amma Rusiya sərhədlərdə böyük qoşun saxlamaqla, Ukraynanı məcbur edir ki, müdaxilə ehtimalı ilə əlaqədar o da öz qüvvələrini sərhədlərin bütün perimetri boyunca səpələsin. Donbas deyilən bölgənin üçdə biri, o cümlədən mühüm liman və sənaye şəhəri Mariupol Ukraynanın nəzarətindədir.
Rusiya Ukraynanın Azovdakı 2 limanından biri olan Mariupolu da ələ keçirərək bunu "yerli opolçeniye Donbasın sərhədlərini bərpa etdi" şəklində təqdim edə bilər. Bu ağır zərbədən sonra Zelenski Rusiyanın şərtlərini qəbul etmək zorunda qalacaq. Millətçilərin növbəti Maydan təşkil edib, bunu əngəlləməsi və xaosun yaranması isə Qərbin Ukraynaya dəstəkdən imtina etməsi ilə nəticələnə bilər. Amma ola bilər ki, mən Putini lazımınca qiymətləndirmirəm və o, irimiqyaslı hərbi müdaxilə çılğınlığına imza atacaq. Rus imperiyasının tarixində bu cür irrasional qərarlar var. Livoniya müharibəsi, Krım savaşı (1853-56), Susima faciəsi, I Dünya müharibəsinə girib dağılmaq, Əfqanıstan avantürası və sair kimi. Hazırda Britaniya və ABŞ Ukraynanın müqavimət imkanlarını gücləndirməyə çalışır. Dünən axşam və bu gün Britaniya ordusunun 4 hərbi-nəqliyyat təyyarəsi Ukraynaya silah daşıyıb. Bu silahın tank əleyhinə müasir NLAW sistemi olduğu bildirilir. ABŞ-ın da öz növbəsində "Javelin"lər verdiyi məlumdur. Yəni Ukrayna ordusunun müasir rus "quderian"ların mexanizə birliklərinin blits-kriqini əngəlləməyə gücü var, ümumən iki ölkə quru qoşunları arasında ciddi fərqlər olduğuna şübhə edirəm. Rusiyanın əsas üstünlüyü raket-aviasiya qüvvələri sahəsindədir. Ukraynanın sovet istehsalı olan S-125, S-300, Buk ZRK-larla intensiv raket-aviasiya hücumlarını əngəlləyə biləcəyi şübhə doğurur. Ukrayna hələ illər öncə ABŞ-dan "Patriot"lar istəsə də, bu, heç Vaşinqtonda ciddi müzakirə olunmadı. İndi "Stinger"lər verilməsi gündəmdədir, amma bunlar helikopter və PUA-lara qarşı effektivdir, yüksəkdən uçan təyyarələri vura bilməz.
Ümumiyyətlə, tragik sual budur ki, Ukrayna niyə Rusiyanın dağıdıcı hücumlarına və işğalına məruz qalmalıdır ki? Ukrayna nə edib? Bu dərəcədə ədalətsizlik ola bilərmi? ABŞ müstəqil və qərbyönümlü Ukraynanın yerində qonşuluqdakı aqrofürerin ölkəsinə oxşar, Rusiya satelliti olacaq Ukraynanın ortaya çıxmasına imkan verəcəksə, onda şələ-küləsini toplayıb Avropadan çıxsın, Tayvanı da boş yerə ümidləndirməsin, Bayden də səhhəti imkan verirsə, gedib Amerikan futbolu, reqbi, su topu yarışları izləsin”.
Politoloq Qabil Hüseynli isə AZXEBER.COM-a açıqlamasında bildirib ki, əgər Rusiya riskə getsə, böyük məğlubiyyətə düçar olacaq: "Rusiyanın gözünü qan örtüb. Əgər Rusiya Krımı, daha sonra Luqansk və Donetsk vilayətlərini ilhaq etmiş sayılırsa, Ukraynaya da hücum etməsi baş verə bilər. Amma bunu böyük ehtimalla söyləmək mümkün deyil. Çünki bütün Qərb dünyası, NATO Rusiyanın bu hərəkətlərinə qarşı çıxır və Ukraynanı da silahlarla təmin edir. Rusiyanın "ağzı isti yerdədir”, düşünür ki, əvvəl hücum etdiyi yerlərdə müqavimət görmədi. Amma indi Ukrayna xalqı tam ayılıb. Ukrayna ordusu qurulub. Qərb dövlətləri də Ukraynaya ciddi surətdə kömək edir. Zənnimcə, Rusiya riskə getməməlidir. Rusiya riskə getsə, böyük məğlubiyyətə düçar olacaq. Üstəlik də bütün dünya tərəfindən onun hərəkətlərinə mənfi təpki veriləcək. Rusiya Ukraynaya hücum edərsə, "ildırım sürətli müharibə” variantını həyata keçirə bilməyəcək. Böyük ehtimalla buna ciddi müqavimət göstəriləcək və bu müqavimətin müqabilində də Rusiyanın özü mənfi proseslərlə qarşılaşacaq”.
Aydın Nuri