“Rusiya Azərbaycanın iş adamları ilə əməkdaşlığın, o sırada ərzaq bazarında əməkdaşlığın genişləndirilməsində maraqlıdır”. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.
“Mən Sizin bizim dövlətlərarası əlaqələrimizin xarakteri və səviyyəsi barədə dəyərləndirmənizi bölüşürəm. Qeyd eləmək istəyirəm ki, iqtisadiyyatdakı bütün çətinliklərə baxmayaraq ölkələrimiz arasında ticarət dövriyyəsi artır” – deyib Kreml başçısı. O, ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 12% artmasına diqqət yönəldib.
Rusiya prezidenti əlavə edib ki, əməkdaşlıq nə qədər çox inkişaf etsə, bir o qədər yaxşıdır və Moskva bunda maraqlıdır. “Moskva və Bakı çoxlu səylər göstərir ki, ikitərəfli əlaqələri diversifikasiya eləsinlər və bundan ötrü bütün zəmin və əsaslar var” – vurğulayıb Putin.
Putin öz azərbaycanlı həmkarını I Avropa Yay Oyunların açılışı münasbətilə təbrik edib, tədbiri “möhtəşəm, füsunkar, gözəl, istedadla hazırlanan” adlandırıb.
Öz növbəsində İlham Əliyev Putinə Avropa Oyunlarının açılış mərasiminə qatıldığı üçün minnətdarlıq edib və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
“Bu, gələcəyə daha böyük optimizmlə baxmağa imkan verir. Ölkələrimiz arasında əlaqələr çox pozitiv, dinamik inkişaf edir və ildən-ilə biz blankanı daha yüksəyə qaldırırıq. İki ölkənin liderləri müntəzəm görüşür, həmçinin, sahə nazirlikləri arasında aktiv dialoq aparılır, parlamentlərarası əlaqələr möhkəmlənir. Humanitar əməkdaşlıq isə əlaqələrimizdə həmişəki kimi ən nümunəvidir” – qeyd edib Azərbaycan prezidenti.