Putin Qərbi də, Ukraynanı da hədələdi: “Qoz kimi…”

Putin Qərbi də, Ukraynanı da hədələdi: “Qoz kimi…”
DÜNYA
14:25 05.06.2022
601
Rusiya prezidenti Kiyevə uzaqmənzilli raketlər veriləcəyi halda nə edəcəklərini açıqlayıb.
 
ABŞ tezliklə Ukraynaya 11-ci hərbi yardım paketinin təhvil verildiyini elan edəcək. Birləşmiş Ştatlar Ukrayna üçün növbəti silah paketinə təkərli yük maşınlarının şassiləri üzərində hərəkət edən HIMARS çoxsaylı buraxılış raket sistemlərini daxil etməyi planlaşdırır. Ağ Ev son həftələrdə Ukraynanın israrla istədiyi Reaktiv Yaylım Atəşi Raketləri (ingiliscə MLRS) sistemini Kiyevə verib-verməmək məsələsini götür-qoy edirdi. Moskva Ukraynaya bu silahların verilməsini "qırmızı xətt” adlandırıb.

Qeyd edilir ki, 700 milyon dollarlıq sistemlər ukraynalılar tərəfindən Rusiya qüvvələrinin Ukrayna ərazisində irəliləməsini dəf etmək üçün istifadə olunacaq. Onlar Rusiya ərazisindəki hədəflərə qarşı istifadə edilməyəcək.

"Rusiya ordusu Kiyevə uzaqmənzilli raketlərin verilməsi halında Ukraynada yeni obyektlərə zərbələr endirəcək”. Bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinin "Moskva. Kreml. Putin” müəllif proqramına açıqlamasında deyib.

Dövlət başçısının sözlərinə görə, Amerika MLRS Ukraynadakı vəziyyəti əsaslı şəkildə dəyişməyəcək. Putinin qeyd edib ki, bu cür silahların verilməsində məqsəd Ukrayna hərbi texnikasının itkisini kompensasiya etməkdir.

Prezident deyib ki, ABŞ Kiyevə 45-70 kilometr mənzilli raketlər ötürməyi planlaşdırır: "Əgər onlar bu silahlarla təchiz edilərsə, biz bundan müvafiq nəticə çıxaracağıq və hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün silahımızdan istifadə edəcəyik".

Putin onu da deyib ki, Rusiya Silahlı Qüvvələrinin arsenalında olan "Buks”, "TOR” və "Pantsir”lər Ukrayna ordusunun xarici pilotsuz uçuş aparatlarına (PUA) qarşı son dərəcə effektivdir. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri üç növ PUA-ya malikdir: yalnız hərbi hava hücumundan müdafiə sistemlərinin olmadığı yerlərdə səmərəli istifadə olunan pilotsuz sistemlərə hücum; döyüş meydanında xarici istehsalı olan kəşfiyyat PUA-ları; strateji kəşfiyyat pilotsuz təyyarələri (onlar Qara dəniz və Ukrayna ərazisi üzərində Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl də istifadə olunurdu). Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri "Ukrayna pilotsuz təyyarələrini qoz kimi qırır".
 
Qeyd edək ki, dünən gecə Rusiya silahlı qüvvələri dəqiq idarə olunan raketlərlə Kiyev yaxınlığını hədəfə alıb. Nəticədə Şərqi Avropa ölkələrinin Ukraynaya tədarük etdiyi tanklar və digər zirehli texnika məhv edilib. "Kiyevin kənarında yüksək dəqiqlikli uzaqmənzilli havadan buraxılan raketlər Şərqi Avropa ölkələrinin təchiz etdiyi T-72 tanklarını və avtomobil təmiri müəssisəsinin binalarında yerləşən digər zirehli texnikaları məhv edib”, - Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
 
///Musavat
OXŞAR XƏBƏRLƏR