Rusiya hakimiyyəti Ermənistan silahlı qüvvələrinə ən yeni silahların alınması üçün bu ölkənin hökumətinə 200 milyon dollar güzəştli kredit ayırmaq barədə qərar qəbul edib.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Silahlar Rusiyadan alınacaq.
Ermənistana silah almaq üçün 200 milyon dollar kreditin ayrılmasına dair saziş Rusiya-Ermənistan hökumətlərarası komissiyasının iyunun 26-da İrəvanda keçirilən iclasında imzalanıb.
“Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclası Ermənistana 200 milyon dollar kreditin ayrılmasına dair sazişlə yadda qalıb. Bu kredit erməni silahlı qüvvələrinin arsenalındakı müasir silahların və hərbi texnikanın assortimentini xeyli ölçüdə genişləndirəcək”- deyə Sərkisyanın mətbuat xidmətinin açıqlamasında bildirilir.
Hökumətlərarası komissiyanın iclasına Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolov başçılıq edib. Ermənistana ayrılan kreditin şərtləri və detalları haqda məlumat verilmir.
Qeyd edək ki, Ermənistan son illər Rusiyanın Azərbaycana milyardlarla dollarlıq müasir silah və hərbi texnika satmasından çox narahat və narazı idi. Erməni ictimai rəyi bunu Rusiyanın Ermənistana xəyanəti kimi qəbul edirdi.
Sərkisyan və digər erməni rəsmiləri də dəfələrlər Rusiyanın Azərbaycana silah satmasından narazılıqlarını yumşaq da olsa ifadə ediblər.
İndi Rusiya prezidenti Vladimir Putin İrəvan küçələrində Rusiya şirkətinin elektrik enerjisini bahalaşdırmasına etiraz olaraq fasiləsiz aksiyaların keçirildiyi bir vaxtda Ermənistanda antirus əhval-ruhiyyəsinin yüksəlməsindən narahat olaraq Sərkisyana silah almaq üçün 200 milyon dollar borc verir.
Doğrudur, Ermənistanın Rusiyadan 200 milyon dollarlıq silah alması Azərbaycanın aldığı silahlarla müqayisədə cüzi görünəcək.
Ermənistan büdcəsi Azərbaycanla silahlanma yarışına davam gətirmək imkanında deyil və Sərkisyan ancaq Rusiyanın havayı verdiyi , yaxud indiki kimi kreditlə verilən silahlara ümid edə bilər.
Lakin məsələnin siyasi tərəfinə nəzər salanda Rusiyanın Qarabağ münaqişəsinin həllində nə dərəcədə maraqlı olduğu bir daha sual altına düşür.
virtualaz.org