Rusiya Prezidenti Vladimir Putin orduya Ukraynanın hərbi sənaye kompleksi və logistika mərkəzlərinə zərbələrinin endirilməsini davam etdirməyi əmr edib.
Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqəsində zabitlərlə görüşündə Putin Donetsk vilayətinin bütün ərazisinə nəzarətin təmin olunmasını Rusiya qoşunlarının əsas vəzifələrindən biri adlandırıb.
Onun sözlərinə görə, Rusiya ordusunun Dobropolye şəhərini nəzarətə götürməsi bu vəzifənin yerinə yetirilməsi istiqamətində mühüm addımdır.
Putin bildirib ki, Ukrayna qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra Rusiya ordusuna onları ölkə ərazisindən çıxarmaq və təhlükəsizlik zonası yaratmaq tapşırığı verilib: "Məqsədimiz gələcəkdə Rusiyanın sərhədyanı ərazilərinin tam təhlükəsizliyini təmin etməkdir. Biz bunu Ukrayna ilə mümkün sülh danışıqlarının müzakirə predmetinə çevirməyi planlaşdırmırıq”.
Rusiya Prezidenti Luqansk vilayətinin də tamamilə Rusiya nəzarəti altında olduğunu bəyan edib.
///teleqraf///











































