Ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Donbasda görüşməyi təklif edib.
Ukrayna lideri bildirib ki, Putinlə müharibənin getdiyi Donetskin istənilən nöqtəsində görüşməyə hazırdır.
Dövlət başçısı onu da vurğulayıb ki, Ukrayna müharibəni birinci başlamır, amma Ukrayna həmişə sona qədər dayanır.
Rusiya Prezidenti Vladimir Putin isə hələ ki, bu təklifə cavab verməyib.
Məsələni AZXEBER.COM-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu görüşün baş tutması real görünmür:
"İnanmıram ki, bu görüş baş tutsun. Bu, sadəcə Ukrayna prezidentinin ortaya atdığı bir fikirdir. Vladimir Zelenski bu təkliflə demək istəyir ki, o, müharibənin əleyhinədir. Hazırda Zelenski Rusiya Prezidentindən cavab gözləyir. Putinin bu təklifə müsbət cavab verəcəyini düşünmürəm. Çünki müsbət cavab versə, bu o deməkdir ki, Ukrayna Prezidentinin təklifini qəbul edərək zəif duruma düşür. Ona görə də, belə vəziyyətdə Putin gözləmə mövqeyində dayanacaq. Necə ki, Baydenin təklifinə müsbət cavab vermədi, eləcə də Ukrayna Prezidentinin də təklifinə müsbət cavab verməyəcək. Gərginliyin artmasında da görünür ki, Rusiya maraqlıdır”.
Elxan Şahinoğlu onu da qeyd edib ki, görüş yerinin Donbas seçilməsi Rusiyanın oranı işğal etməsinə işarədir:
"Zelenskinin görüş yeri kimi Donbası təklif etməsi Rusiyanın həmin ərzini işğal etməsini diqqətə çatdırmaq məqsədi daşıyır. Zelenski demək istəyir ki, siz buranı işğal etmisiniz və mən də burada görüşmək istəyirəm”.
Aydın Nuri