Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni fərmana əsasən, vətəndaşlığı olmayan şəxslər yalnız fövqəladə və hərbi vəziyyət zamanı deyil, həm də səfərbərlik dövründə Rusiya ordusunda xidmət edə biləcəklər.
AZXEBER.COM Yenisabah.az-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, bu qərar ölkənin hərbi resurslarını genişləndirmək, xüsusilə də Ukrayna müharibəsi fonunda yaranan insan resursu çatışmazlığını kompensasiya etmək məqsədi daşıyır. Müharibənin yaratdığı itkilər və uzunmüddətli hərbi əməliyyatların davam etməsi fonunda ordunun say baxımından gücləndirilməsi Rusiya üçün prioritet məsələ olaraq qalır.
Vətəndaşlığı olmayan şəxslərin hərbi xidmətə cəlb olunması, əslində, son illərdə tətbiq edilən praktikanın – yəni əcnəbilərə ordu xidməti müqabilində Rusiya vətəndaşlığının verilməsi – daha da genişləndirilməsi anlamına gəlir. Bu, həm də ölkədə yaşayan, lakin vətəndaşlıq almamış şəxslərin – xüsusilə də Mərkəzi Asiyadan olan miqrantların – xidmətə cəlb olunmasına yönəlib. Beləliklə, Rusiya həm ordu sıralarını artırmaq, həm də əcnəbilər üçün vətəndaşlıq imkanlarını təşviq etmək məqsədi güdür