Qız qaçırmaq istəyən şəxs ölümcül döyüldü

18:06 25.11.2010
2364

ANS PRESS-in məlumatına görə, ayın 24-də səhər saat 09.30 radələrində Şabran rayonunun Ağbaş kənd sakini, 21 yaşlı Elçin Akif oğlu Səmədov huşsuz vəziyyətdə Siyəzən şəhəri, H.Əliyev küçəsi 172 ünvanında yerləşən mənzilin həyətində tapılaraq Regional Müalicə Diaqnostika mərkəzinin reanimasiya və intensiv terapiya şöbəsinə çatdırılıb. Mərkəzin baş həkim müavini Mirələm Cəlalov bildirib ki, xəstə baş beyin travması, burun sınığı, üz nahiyəsi və bədəninin digər nahiyələrinin əzilmiş yaraları ilə daxil olub.

Siyəzən polisinin apardığı axtarış-əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb. İstintaq şöbəsinin müstəntiqi Mirqalib Qənbərovun verdiyi məlumata görə, E.Səmədov huşsuz vəziyyətdə tapıldığı mənzilə qız qaçırtmaq üçün gəlib. Saxlanılanlar isə Elçinin qaçırtmaq istədiyi qızın qardaşı Naibağa Hacıyev və bibisi oğlu olub.

Hadisəyə gəlincə isə, N.Hacıyev verdiyi ilkin ifadəsində bildirib ki, o, hadisə baş verən gecə saat 3 radələrində tualetdə olarkən kiminsə həyətin hasarına dırmandığını görüb. Və həmin an onlarda olan bibisi oğlunu da çağıraraq həmin şəxsi döyməyə başlayıblar. Səs-küyə çıxan baçısı isə bildirib ki, Elçin onlara onu qaçırmaq üçün gəlib.

Qeyd edək ki, E.Səmədovun iki ay əvvəl başqa bir qadınla ailə qurduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR