Aliment ödəmədiyi üçün qadınlar barəsində də işlər icraata verilib.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin statistikasına əsasən, bu ilin ilk altı ayı ərzində qurumun icraatında 131 mindən çox aliment işi olub. Hazırda icraatda olan aliment işlərindən təxminən 2400-ü üzrə borclu tərəf qadındır.
Vəkil anar Ramazanov deyir ki, qadınlara aliment təyin edilməsi əsasən boşanmadan sonra uşağın atanın himayəsində qalması ilə əlaqədardır. Belə hallarda məhkəmə uşağın saxlanılması üçün aliment öhdəliyini ananın üzərinə qoyur.
Vəkil bildirir ki, qanunvericiliyə əsasən ər və arvad bərabər hüquq və vəzifələrə malikdirlər.
İcra məmuru aliment borcunun məcburi qaydada tutulmasını təmin edir. Eyni zamanda onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyula bilər. Borc uzun müddət qəsdən ödənilmədikdə və qanuni əsaslar olduqda, inzibati və ya cinayət məsuliyyəti də yarana bilər.
Vəkil hesab edir ki, aliment fondunun yaradılması səmərəli yanaşmadır. Belə bir fond fəaliyyət göstərərsə, aliment ödənişləri ilk növbədə həmin fond tərəfindən uşağa təqdim edilər, daha sonra isə dövlət borclu valideyndən həmin vəsaiti qanunvericiliyə uyğun şəkildə geri alar.











































