Qadınlara '8 mart' hədiyyəsi - ŞEİR

MƏDƏNİYYƏT
00:46 08.03.2013
89701

BİR  SİQARET  YANDIR

Budur, görüşdük...

İllər nə tez keçdi...

Tez  keçmədimi  səncə?..

Bir siqaret yandır –

Baxım gözlərinə doyunca...

Bir siqaret ömrü qədər uzansın bu qəfil görüş.

Dayanaq üz-üzə,

Sən həsrətli, mən boynu bükülmüş...

Amma,

Danışma, sən allah.

Danışsan,

“Xoşbəxtsənmi?” soruşacaqsan,

Mənsə...

hönkürəcəyəm...

Bir siqaret yandır,

Közünə alışıb yanan ruhum,

Külünə ölən arzularım qovuşsun –  

Dərdlərim dərdlərinin halını soruşsun...

Bir siqaret yandır –

Tüstüsündə mən yanım, acısında sən.

Həsrətli baxışlarında tənhalığıma təsəlli axtarım,

Yarımçıq yanan siqaretində

sönən ümidlərimi

Və səninçün darıxanları görüm –

İçimdə hönkürüm, hönkürüm...

Sevgini  rədd etdiyim,

Qüruruna qalib gəlib dönəcəyini  gözlədiyim

günləri xatırlayım,

Peşmanlığın acısını yaşayım –

Səndən  xəbərsiz...

Sən allah,

tüstülü  baxışlarınla

qəlbimi oxumağa çalışma,

tənhalığımı görmə, amandır...

O biri siqareti

məndən uzaqda yandır –

Bir siqaret ömrü qədər peşmanlıq yetər mənə...

Çıx  get evinə-eşiyinə,

Allah  xətrinə...

QADINLAR  VƏ  SİZ

Eyni cür gəlsək də qoca dünyaya,

Eyni cür duymuruq dünyanın dadın.

Sözdə sənin üçün xanım olsam da,

Əslində köləyəm – adım da Qadın.

Mən ad köləsiyəm tale hökmünün –

Sən tək hakimisən azad ömrünün.

“Sultanlıq” sayılar subaylıq dövrün –

Mənim “qarımış qız” qoyular adım.

Sən yüz qadını da sevə bilərsən –

Könül ovlayarsan, könül verərsən...

Mən sənə sadəcə, bir salam versəm,

Düşərəm gözündən yaxının, yadın.

Eyni davranışlar, eyni arzular

Başqa meyarlarla ömrə yazılar.

Səninçün üstünlük kimi yozular

Mənimçün qəbahət sayılan addım...

Nahaq yaratmısan bu boyda fərqi –

Min Adəm Həvvasız nəyə dəyərdi?

Səni də dünyaya  Qadın  gətirdi –

Bu qədər sadədir, bu qədər aydın.

NİYƏ  GƏLDİN

Səni tanrı gec gətirdi,

Başqa bir bağda bitirdi,

Hələ dərməmiş itirdim –

Niyə gəldin?

Getmişdin tənə-gileyli,

Salmışdım özgəyə meyli.

Sevdiyim, bivəfa Leyli,

Niyə gəldin?

O zaman da sən deyəndi –

“Gedirəm” dedin, dirəndin.

“Gəlmərəm” deyən də səndin –

Niyə gəldin?

Sevmirəm, desəm, yalandı –

Həsrətin odunda yandım!

“Gəlməz” dedim və inandım –

Niyə gəldin?

Etmişdim sevgimi dustaq –

Duyğum əl-qolun açır, bax!

Olurmu hissləri boğmaq –

Niyə gəldin?

Yenə qoysan gözüyaşlı,

Neylərəm  mən başıdaşlı...

Ürəyim dərdli, təlaşlı...

Niyə gəldin...

SƏDAQƏT  ƏHMƏDOVA

OXŞAR XƏBƏRLƏR