Əfsələddin Ağalarov (https://www.facebook.com/efseleddina)
Biz qadınları sevmədik...
Saçlarını sevdik, hələ bir də sarışındırsa, daha çox sevdik.
Dodaqlarını sevdik, hələ bir də şəhvətli və dolğundursa, daha çox sevdik...
Sinələrini sevdik...
Ayaqlarını sevdik, hələ bir də dümdüz sütun kimidirsə...
Yolda, maşında, televizorda, internetdə onlara hər zaman baxdıq...
Hər yerlərinə diqqətlə və dəqiq baxdıq...
Daha yaxşı görə bilmədiyimiz zaman, ərinmədən dəfələrcə yenə baxdıq...
Bir daha və bir daha...
Qadınların hər yerlərinə baxdıq, amma gözlərinə ya heç baxmadıq, ya da baxdığımız zaman gec oldu...
Bir az açıq-saçıq olsa da ürəkdən və təmiz deyilmiş sözlərdir bunlar. Doğruları özündə əks etdirən həqiqətin hayqırtısıdır bu sətirlər.
Bu yaxınlarda bir türk yazarın yazdığı bu cümlələrdən sonra, başa düşdüm ki, doğrudan da, kişi olmaq dünyanın hər yerində eyni şeydir. Bizim kimi cəmiyyətlərdə isə, kişi olmaq daha çox hökmdar və sultan olmağa bənzəyir. Amma cibindəki qədər ağlı və zəkası olan sultanlar...
Əslində, bizim ölkədə kişilər qadınlarını daha çox sevdikləri, amma bunu heç vaxt etiraf etmədikləri üçün daha tez yaşlanır və buna görə də vaxtı gələndə əzrayılın qoluna güc gələ bilmirlər. Çünki bizlər əzrayıla da sevdiyimiz qadının olduğunu etiraf etməyə utanan kişilərik.
Bəlkə də, buna səbəb bizlərin həyat yoldaşı sözünü ilk dəfə toylarda tamadanın dəvəti ilə bəy-gəlin tərifi dediyimiz zaman dilə gətirməyimizdir. Bəlkə də, buna səbəb həyat yoldaşının daha çox əhəmiyyətsiz olduğunu dost-tanışa sübut etmək üçün onun mobil nömrəsini öz telefonumuza adı ilə deyil, “Ev” adı ilə yazmağımızdır. Bəlkə, başqa şeydir buna səbəb? Bəlkə də, elə düzünü biz edirik? Bəlkə də, qadını qudurdub, ona daha çox imkan yaratmaq bizlərin səltənətini həqiqətən də təhlükə altına alır?
Əslində, bütün bu “bəlkə”lər qadınların mövcudluğunun kişilərin rahatlığı üçün olduğunu zənn etdiyimiz vaxtdan başladı. Qadına cinsi istəyi ödəyən aparat kimi baxmaq da bu rahatlığın daha sonrakı mərhələlərində meydana gəldi. Nəticədə biz kişilər qadınları nə qədər kiçiltdiksə, bir o qədər də onlardan istifadə etməyi çox sevdik. Evdə, işdə, siyasətdə, məktəbdə, qısası, hər yerdə...
Bir çox hallarda işə yeni gələn qızın ilk günkü bütün hərəkətlərini izlədik durmadan. Ecazkarlığını, cazibədarlığını hər an duymaq üçün işimizi-gücümüzü atıb bütün gün ona kökləndik. İşdən sonra isə subay-evli fərq etmədən onun haqqında müzakirələr qurduq. Hər yerini incə detallarla, bütün çılpaqlığı ilə müzakirə etdik. Aramızdan birinin “bəlkə, yaxşı oğlanın bacısıdır” deməsinə qədər müzakirə davam etdi. Bu sözü aramızdan biri deyən kimi, əslində, özümüzün də yaxşı oğlan olduğumuzu anladıq. Və sanki bu söhbət olmamış kimi, sağ əlimizi cibimizə salıb sol əlimizdəki “West”i damağımıza qoyub püflədə-püflədə yolumuza davam etdik.
Bir az ağzımıza zəhrimara qalmış araq dəyən kimi isə şir olub meşənin ağasına çevrildik. Zəqqumdan 150 qram qəbul edən də biz, ondan sonra hay-həşir qopardıb yumruğumuzu qadının gözünə tuşlayan da. Ömür bitənə qədər o ki var döydük. Nəticədə qaçanı qaçdı, özünü asanı da bildiyindən dönmədi.
Əslində etiraf etməyin böyüklük olduğunu hamımız yaxşı bilirik. Ona görə kişilərə beş barmaq göstərmək bir tərəfə, qadına da beş barmaq göstərməyin vaxtıdır. Gəlin etiraf edək. Onu etiraf edək ki, namusun iki ayaq arasında olmadığını iddia edib bədənini azadlığa çıxarmaq özü namussuzluğun başlanğıcı deyilmi? Onu da etiraf edək ki, bədənini yarıçılpaq hala salıb yad kişinin gözünü oxşayan yerdə vurub onun qan təzyiqini qaldırmaq namussuzluğun başlanğıcı deyilmi? Bəlkə də etiraf etsək, bu yazının sonunda bir nöqtə qoymağa yer qalmaz. Amma etiraf edək ki, qadının namusu elə onun ayaqlarının arasından başlayır. Beynindəki namusu isə, onun bütün ruhunun gözəlliyini və paklığını ortaya qoyur.
Bəlkələrdən söz düşmüşkən sonuncu bəlkəni də yazım və bitirim bu yazını. Bəlkə də, kişiləri kişi edən qadındır. Amma bu bəlkə heç vaxt şübhə üçün deyilən bəlkə deyil. Həqiqət də bunu göstərir ki, bir qadın bir kişini vəzirlər vəziri də, rəzillər rəzili də edə bilər.
Hər halda cənnəti ayaqları altına alan qadınları ayaqlarımızın altına alıb əzməsək, cənnətdən bəlkə də bizə də bir pay düşər.
P.S Bəlkə cənnətdən bir pay da mənə düşər deyə, sözümü tutmayıb yenə "bəlkə" yazdım...