Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfirlikdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev ümummilli lider Heydər Əliyevin şanlı həyat yoluna nəzər salmış və müasir Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Heydər Əliyevin öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyini diqqətə çatdıran səfir Heydər Əliyev dühasının və irsinin xalqın yaddaşında əbədi olaraq xoş xatirələrlə qalacağını vurğulamışdır.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Misirdə yaşayan Azərbaycan icmasının üzvləri, Qahirə, Ayn-Şəms və Əl-Əzhar Universitetlərində təhsil alan azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.