Qara Qarayev: 'Əvvəlki Qara elə indi də həmin insandır' - MÜSAHİBƏ

İDMAN
04:25 12.01.2015
8569
Yeni ildə AZXEBER.COM-un “İşdən sonra”nın ilk qonağı 2014-cü ildə ilin futbolçusu seçilən, Avropa Liqasında uğurlu çıxısı ilə azarkeşlərin çox böyük dəstəyini alan, hakimin bir səhvi ilə nöbvəti mərhələdən kənar qalan “Qarabağ” futbol klubunun dayaq yarımmüdafiəçisi Qara Qarayev oldu. Avropa Liqasından sonra azarkeş dəstəyi üçün çox darıxdığını bildirən Qara yenə də çalışdıqlarını və daha böyük uğurlar qazanacaqlarına inandığını bildirdi.
AZXEBER.COM dəyərli oxucularına müsahibimizin maraqlı fikirlərini təqdim edir. 
- Neçə ildir ki bu işlə məşğulsan?
 - Hal-hazırda 22 yaşım var və artıq 8-9 ildir ki, bu işlə məşğulam.
- Necə oldu ki, bu bacarığının olduğunu gördün?
 - Uşaq yaşlarımdan məhlədə oynayırdım. Daha sonra bir müəllim vardı. Onun yanında məşqlər edirdim. Professional olaraq isə məhz elə “Qarabağ”da başlamışam və burda da davam edirəm.
- Niyə məhz futbol?
 - Çox sevirdim futbolu. Hər zaman futbolçu olmaq istəyirdim. “Qarabağ”ın afişalarını görürdüm və həmişə bu klubda oynamaq arzusunda idim. Şükür bu günə, arzuma çatmışam.
- Gənc yaşında qazandığı uğurlar Qara Qarayevdə nə kimi dəyişikliklər edib?
 - Heç bir dəyişiklik etməyib. Əvvəlki Qara elə indi də həmin insandır. Uğur dediyiniz bir çoxunu yolundan döndərir, doğrudur. Mən də bunun şahidi olmuşam. Ancaq mən bir şeyi dərk etmişəm. Şan-şöhrət geçici bir şeydir. Qazanılan uğurlar məndə sadəcə, məsuliyyəti artırır. Başqa heç bir şey. 
- “Qarabağ”dan başqa hansı klubda özünü görürsən?
 - Azərbaycanda heç bir klubda. “Allahın izniylə “Qarabağ” məni qovmadığı müddətcə bu klubu tərk etməyəcəm. Ancaq xarici klublardan dəvət alsam fikirləşərəm.
- Qara Qarayevin ən böyük arzusu hansı klubda çıxış etməkdir?
 - “Barselona”da oynamaq istərdim. “Fənərbaxça”nın keçmiş futbolçusu Alex De Souzanın gözəl bir sözü var. Əgər xəyal etməyi bacarırsansa, demək bu işin öhdəsindən gələ bilərsən.
- Hansısa məşhur futbolçunu özünə ideal seçmisənmi?
 - Bəli. Barselonanın futbolçusu Xavini.
- Bu cür deyim var ki, komandanın 50%-ni klubun qapıçısı təşkil edir. Sənin fikrincə, komandanın 50%-ni nə təşkil edir?
 - Fikrimcə komandanın 50%-ni birlik və güvən təşkil edir. Bir-birimizə inam qələbənin artıq yarısıdır.
- Avropa Liqasında qazandığınız nəticə çox ürək açandır. Düşünürdünüzmü ki, bu yerə qədər gəlib çıxarsınız?
 - Ölkə çempionu olduqdan sonra hədəflərimiz bir qədər də böyümüşdü. Ancaq bu nöqtəyə qədər gələcəyimizə tam inam hissi olmasa belə, azarkeşlərin üzərimizdə dəstəyi olacağına inamımız çox güclü idi.
- Futbolda sizə hansı qadağalar qoyulur?
 - Çəki, gecə həyatı kimi qadağalarımız var. Məsələn 00:00-dan sonra küçəyə çıxmaq qadağandır. 
- Qara Qarayevin gecə həyatı varmı?
 - Tam səmimi deyim yox. Düzdür, yalan deməyəcəm. Arada evə bir az gec getdiyim olur. Ancaq bu çox az-az hallarda baş verir.
- Qara Qarayevin “işdən sonra” nə kimi fəaliyyətləri var?
 - Mənim işim futboldur. Hələ də gəncəm. Gəlir yerim də sadəcə, futboldur.
- Asudə vaxtlarını Qara necə keçirir?
 - Məşqlərimiz, oyunlarımızla əlaqədar olaraq o qədər də çox asudə vaxtım olmur. Ancaq boş vaxt tapan kimi, dostlarımla görüşürəm. Düzdür, arzusunda olduğum qədər gəzə, əylənə bilməsəm də, şikayətçi belə deyiləm (gülür).
- Futbolçu olmasaydın, məhz bu sənətin sahibi olacaqdın. O hansı sənətdir?
 - Futbolçu olmasaydım, qəssab olacaqdım. Atam, əmim əvvəl qəssab olublar. Futbol məndə alınmasaydı, bu sənətdə olacaqdım.
- Boş vaxtlarında ən çox zamanını nəyə sərf edirsən?
 - Balıq tutmağa sərf etmək istərdim. Amma uzun müddətdir ki, bu arzuma çata bilmirəm. Vaxtım buna imkan vermir.
- Sonda nə demək istərdin?
 - Azarkeşlərimə çox sağ ol demək istərdim. Avropa Liqasından sonra azarkeş dəstəyi üçün çox darıxıram. Dəstəklərini əsirgəməsinlər. Onlara bizim daima ehtiyacımız var.
Ozal İbrahimli
Foto: Söhrab Asadov
OXŞAR XƏBƏRLƏR