UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 18-də Bakıda keçiriləcək "Qarabağ” -"Nyukasl” qarşılaşmasına böyük maraq var. Saat 21:45-də başlayacaq oyuna artıq 27 min 500 bilet satılıb və minlərlə azarkeş tarixi görüşü səbirsizliklə gözləyir.
Bununla belə, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun "İmişli” üzərində 1:0 hesablı qələbədən sonra meydançanın durumundan narazılığını ifadə edərək komandanın "Nyukasl”la Çempionlar Liqası matçına tam hazır olmaya biləcəyini deməsi azarkeşlər arasında müəyyən narahatlıq yaranıb.
Tanınmış idman şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, "Nyukasl” çox güclü rəqibdir:
"”Nyukasl” 145 illik tarixi olan nəhəng klubdur. İngiltərə Premyer Liqasının köklü təmsilçilərindən biridir. Heyətinin ümumi dəyəri təxminən 750 milyon avro civarındadır”.
Ekspert deyib ki, "Qarabağ” və "Nyukasl” biri-birilərinə yaxın rəqiblərdir:
""Qarabağ” və "Nyukasl” hər ikisi pley-off mərhələsində çıxış edir. Buna görə də onlar bir-birinə yaxın səviyyəli rəqiblər hesab oluna bilər. "Qarabağ" indiyədək "Nyukasl” kimi güclü komandalarla oynaya bildiyini dəfələrlə sübut edib. "Qarabağ”ın şansları heç də aşağı səviyyədə deyil”.
K.Məstəliyev qeyd edib ki, sabahkı oyunda qələbə qazanmaq şansımız var:
"Qurban Qurbanovun ehtiyatlı və narahat açıqlamalarına baxmayaraq, komanda fiziki cəhətdən tam hazır olduğu təqdirdə "Nyukasl”ın presinqinin qarşısını ala, əks-hücumlarla təhlükə yarada və uğurlu nəticə qazana bilər. Bakıda keçiriləcək oyunda qələbə qazanmaq şansımız az deyil”.
Şahanə Ziyad










































