""Qarabağ”ın "Ayaks”a qalib gəlmək potensialı var. Komanda ağıllı və təmkinli, müdafiədə etibarlı, əks-hücumlarda isə diqqətli oynadığı təqdirdə qələbə qazana bilər. Hesabı "Qarabağ”ın xeyrinə 2:1 kimi proqnozlaşdırmaq mümkündür”.
Bunu AZXEBER.COM-a açıqlamasında tanınmış idman şərhçisi Kənan Məstəliyev "Qarabağ”"Ayaks” oyununu şərh edərkən deyib.
O bildirib ki, bu qarşılaşma hər iki komanda üçün son dərəcə vacibdir:
"Qarabağ” üçün önəmlidir, çünki burada qazanılacaq 3 xal komandanın xal sayını 10-a çatdıracaq. Bu isə bizə liqanın pley-off mərhələsinə yüksəlmək imkanı verəcək. Böyük ehtimalla 10 xal kifayət edəcək və biz növbəti dəfə tarixi uğura imza atmış olacağıq. "Qarabağ” futbol klubu yenidən adını Azərbaycan futbol tarixinə yazdıracaq”.
Ekspert qeyd edib ki, "Ayaks” üçün də oyun çox vacibdir:
"Ayaks” isə bu matç bir növ dönüş oyunu kimi dəyərləndirilir. Çünki "Ayaks” indiyədək keçirdiyi 5 oyunun hamısında məğlub olub və hazırda çətin vəziyyətdədir. Onlar da mütləq qələbə qazanmaq istəyəcəklər. "Ayaks” dünya futbolunun nəhənglərindən biridir və hazırda zəif təsir bağışlasalar belə, bu komandanı yüngül qəbul etmək olmaz”.
Şahanə Ziyad










































