“"Qarabağ” bu qrupda ən azı üçüncü olacaq" - Ekspert

“"Qarabağ” bu qrupda ən azı üçüncü olacaq" - Ekspert
İDMAN
16:43 26.08.2022
737
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.
 
Azərbaycan təmsilçisi G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) klubları ilə üz-üzə gələcək. 
 
Bəs, "Qarabağ"la eyni qrupda yer alan bu komandalar təmsilçimiz üçün nə qədər təhlükəli rəqiblər hesab olunur. "Qarabağ”ın qrupda şansı necədir?
 
Tanınmış idman mütəxəssisi Kənan Məstəliyev AZXEBER.COM-a mövzu ilə bağlı fikirlərini bildirib.
 
Ekspert hesab edir ki, "Qarabağ”ın qrupdan çıxmaq şansı çoxdur: "Çox maraqlı qrup oldu. Çünki qrupda yer alan 4 klubun dördü də güc baxımından bir-birinə bərabər hesab edilə bilən komandadır. Bəli, ilk baxışdan bu rəqiblər qorxulu kimi görünür. Amma "Qarabağ” da kiçik bir komanda deyil və son 9 ildə qrup mərhələsinə çıxmaqla özünü sübut edə bilib. İndi də Çempionlar Liqasının qrup mərhələlərindən son anda sadəcə qapıçı səhvləri ilə kənarda qalması onu göstərir ki, "Qarabağ” da heç kimdən geri qalmır və sona qədər döyüşəcək”. 
 
K.Məstəliyevin sözlərinə görə, püşk komandamız üçün əlverişli olub:
 
"Qrup perspektivləri baxımından əslində proqnoz bildirmək asan deyil. Çünki indidən hər şey bilinmir, oyunlar başlayanda komandaların durumu, oyunçuların transfer dövrünü necə bitirmələri və s. bu gedişatlardan çox şey asılı olacaq. Amma düşünürəm ki, "Qarabağ” üçün maraqlı və yaxşı püşk oldu. Ağır olsa da, o mənada yaxşı oldu ki, biz heç bir rəqibə güc baxımından yuxarıdan aşağı baxmayacağıq və onlar da bizə yuxarıdan aşağı baxmayacaq. Sona qədər mübarizə apara biləcəyik”.
 
Mütəxəssis hesab edir ki, "Qarabağ” qrupda ikinci və ya üçüncü olacaq: "Frayburq" hazırda Almaniya çempionatına yaxşı başlayıb, çox güclüdür, mənə görə qrupun favoritidir. "Olimpiakos" da pis deyil, "Nant" isə zəifdir. Bildiyim qədərilə, 3 oyundan cəmi iki xal qazanıb və bir məğlubiyyət, iki heç-heçəsi var. Biz soyuq başla baxsaq, "Qarabağ” bu qrupda ən azı üçüncü ola bilər, ümid edək ki, ikinci də olar. Mənim proqnozum qrupda ikinci, ya üçüncü olacağıdır. Lider olacağı çətindir, inandırıcı görünmür, yəni ehtimal aşağıdır. Xal ehtiyatı isə, hesab edirəm ki, 9 xal yığa bilərik. Bu, real bir hədəfdir. İnanıram ki, belə də olacaq”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR