“Qarabağ” Enfildə rahat oynaya bilər: "“Liverpul”un problemləri var"

“Qarabağ” Enfildə rahat oynaya bilər:  "“Liverpul”un problemləri var"
İDMAN
13:12 28.01.2026
408
Xəbər verdiyimiz kimi, "Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul” klubu ilə qarşılaşacaq. Oyun "Enfild” stadionunda Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.

"Səbail” klubunun sabiq baş məşqçisi Şahin Diniyev AZXEBER.COM-a matçla bağlı gözləntilərini açıqlayıb.

O bildirib ki, bu qarşılaşma hər iki komanda üçün daha çox prestij xarakteri daşıyır:

"Bu oyun hər iki komanda üçün daha çox prestij xarakteri daşıyan qarşılaşma olacaq. Fikrimcə, turnir baxımından həm "Liverpul” ilk 8-likdə yer alıb, həm də "Qarabağ” ilk 24 komanda sırasında olmaqla pley-off mərhələsinə vəsiqə qazanıb. Demək olar ki, hər iki komanda maksimum nəticəyə nail olub və əsas məqsədlərini yerinə yetirib. Ona görə də bu qarşılaşma daha çox prestij əhəmiyyəti daşıyacaq.

Belə oyunlarda adətən müəyyən rahatlıq olur, çünki nəticənin turnir cədvəlindəki mövqeyə ciddi təsiri olmur. Həm "Qarabağ”, həm də "Liverpul” artıq mərhələdəki yerlərini təmin etdikləri üçün futbolçular üzərində ciddi psixoloji gərginlik olmayacaq. Bu da bizə daha şən və maraqlı futbol vəd edir”.

Ekspert qeyd edib ki, "Liverpul”un mövcud problemləri "Qarabağ” üçün üstünlük yarada bilər:

"1–2 il əvvəl desəydik ki, "Liverpul” – "Qarabağ” oyununun proqnozunu verək, düşünmədən "Liverpul”un qələbəsini deyərdik. Amma indi vəziyyət dəyişib. "Qarabağ” kifayət qədər güclənib. "Liverpul”un isə hazırda müəyyən problemləri var ki, bu da "Qarabağ”a üstünlük verə bilər.

Xüsusilə də baş məşqçi üçün sonuncu oyun olması və 6–7 əsas futbolçunun zədəli vəziyyətdə olması "Liverpul” üçün ciddi amildir. Bu faktorlar "Qarabağ” üçün əlavə üstünlük yarada bilər”.

Ş.Diniyev vurğulayıb ki, futbolçular "Qarabağ”ın qələbələrinin təsadüfi olmadığını sübut etməyə çalışacaqlar:

"Futbolçular həm özlərini göstərmək, həm də klubun imicini qorumaq üçün maksimum səylə oynayacaqlar. Bu mövsüm "Qarabağ” Çempionlar Liqasının sürpriz komandalarından biri hesab olunur və bu statusun təsadüfi olmadığını sübut etməyə çalışacaq. Bu səbəbdən də dəqiq proqnoz vermək çox çətindir”.

Qeyd edək ki, qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR